İlon Mask yeni partiya yaratmaq planlarını təxirə salıb

Amerikalı milyarder İlon Mask hələlik öz siyasi partiyasını yaratmaq niyyətini ertələyib.
Crossmedia.az Wall Street Journal-a (WSJ) istinadən məlumat verir ki, o, bu qərarı Respublikaçılar Partiyasının elektoratını parçalamamaq və ABŞ-ın vitse-prezidenti Cey Di Venslə dostluq münasibətlərini qorumaq məqsədilə verib.
Jurnalistlərin yazdığına əsasən, Mask 2028-ci il prezident seçkilərində Vensi maliyyə baxımından dəstəkləməyi düşünür. Bununla belə, milyarder tamamilə partiya ideyasından imtina etməyib və yaxınlaşan aralıq seçkilərin gedişatından asılı olaraq mövqeyini dəyişə bilər.
Qeyd olunur ki, Mask indiyədək ABŞ prezidenti Donald Trampın və Respublikaçılar Partiyasının digər nümayəndələrinin seçki kampaniyalarına təxminən 300 milyon dollar xərcləyib.
Xatırladaq ki, Mask iyul ayında “Amerika Partiyası” adlı siyasi təşkilat yaratmaq niyyətini açıqlamışdı. Onun sözlərinə görə, bu partiya 2028-ci ildə keçiriləcək prezident seçkilərində müəyyən namizədi dəstəkləyə bilər. Lakin yaxın 12 ay ərzində əsas diqqət Nümayəndələr Palatası və Senata keçiriləcək seçkilərə yönəldiləcək.
Nicat Rüstəmzadə
09:47 20.08.2025
Oxunuş sayı: 632