Vaşinqton Zirvəsi: sülh sazişinin paraflanması və regional perspektivlər

Vaşinqtondakı üçtərəfli görüş və orada sülh sazişinin paraflanması yalnız texniki-diplomatik prosedur deyil, həm də Cənubi Qafqazda yeni strateji arxitekturanın formalaşmasının simvolu kimi qiymətləndirilə bilər. Bu addım, bir tərəfdən, Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə tarixində nadir razılaşdırma nöqtələrindən birini ifadə edir; digər tərəfdən isə ABŞ-ın bölgədə daha aktiv, sistemli və təsirli oyunçu olmaq iradəsinin açıq təzahürüdür.
Ağ Ev görüşün nəticələrini açıqlayarkən “ilkin sülh razılaşmasının paraflanması” ifadəsini işlətdi, bu isə hüquqi qüvvəyə minməsə də, tərəflərin mətndə dəyişiklik etməyəcəklərini göstərən diplomatik siqnaldır. Eyni paketdə ABŞ Prezidenti Donald Tramp həm Azərbaycan, həm də Ermənistanla enerji, texnologiya, infrastruktur və ticarət sahələrini əhatə edən sənədlər imzalayacağını bəyan etdi. Bu kontekstdə diqqəti cəlb edən əsas elementlərdən biri TRIPP — “Trump Route for International Peace and Prosperity” təşəbbüsüdür. Zəngəzur dəhlizi ideyasına bənzər konturları olan bu layihə, əgər icra olunarsa, Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişmək potensialına malikdir.
Bu təşəbbüs Vaşinqtonun sülh prosesinə yalnız vasitəçi kimi deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik zəmanətləri ilə daxil olma niyyətini göstərir. ABŞ rəsmiləri bu prosesi “böyük sülh təşəbbüsü” kimi təqdim edərək, regionun davamlı sabitlik və əməkdaşlıq məkanına çevrilə biləcəyini vurğulayırlar. Lakin paralel olaraq İran və Rusiya açıq narahatlıq və etiraz bəyanatları ilə çıxış ediblər. Tehran bu dəhlizin öz tranzit maraqlarına və sərhəd geosiyasətinə təsir göstərə biləcəyindən ehtiyat edir; Moskva isə postsovet məkanında ənənəvi vasitəçi rolunun zəiflədiyini və təsir imkanlarının məhdudlaşdığını görür.
Prezident İlham Əliyevin çıxışları və hökumət nümayəndələrinin şərhləri həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış strateji mesaj daşıyır. Bu proses Azərbaycanın 2020-ci ildən sonra qazandığı hərbi üstünlüyün diplomatik masada da reallaşdırılmasıdır. Eyni zamanda Azərbaycanı regional logistik mərkəz və etibarlı tərəfdaş kimi möhkəmləndirmək niyyətini əks etdirir. Bu cür ikili çərçivələndirmə həm ictimai legitimlik, həm də xarici aktorlar qarşısında siyasi mövqelərin möhkəmləndirilməsi məqsədi daşıyır.
Bununla belə, paraflanmış mətnin icraata keçməsi mürəkkəb siyasi və praktiki maneələrlə üzləşə bilər. Ermənistan konstitusiyasında dəyişikliklər, TRIPP marşrutunun təhlükəsizliyinin təmin olunması, İran və Rusiya ilə münasibətlərdə gərginliyin idarə edilməsi kimi məsələlər qarşıdakı dövrdə əsas sınaqlar olacaq. Bu faktorlar təkcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə regionun yeni geosiyasi nizamının gələcəyini müəyyən edəcək.
Vaşinqton paraflanması bir mərhələ kimi yekun deyil, başlanğıcdır. Bu mərhələnin uğurla tamamlanması üçün diplomatiya, təhlükəsizlik və iqtisadi layihələrin icrası paralel şəkildə və koordinasiyalı aparılmalıdır. Əks halda, proses ya kağız üzərində qalacaq, ya da yeni gərginlik dalğalarına yol aça bilər. ABŞ üçün bu, Cənubi Qafqazda nüfuzunu möhkəmləndirmək şansı, Azərbaycan üçün isə regional oyun qaydalarını formalaşdırmaq imkanıdır.
Vaşinqtonda sülh sazişinin paraflanması Azərbaycanın müharibədən sonrakı diplomatik gündəliyində həm hüquqi, həm iqtisadi, həm də siyasi baxımdan üçpilləli strateji əhəmiyyət daşıyır. Ən əvvəl, bu hadisə hüquqi-diplomatik leqitimasiya baxımından önəmlidir. ABŞ kimi qlobal gücün vasitəçiliyi və iştirakı ilə baş verən paraflanma Azərbaycanın 2020-ci ildən sonra əldə etdiyi hərbi-siyasi reallıqların beynəlxalq səviyyədə tanınmasına əlavə zəmin yaradır. Əgər sənəddə suverenliyə, sərhədlərin toxunulmazlığına və güc tətbiq etməməyə dair müddəalar konkret şəkildə qeyd olunursa, bu, Bakı üçün yalnız taktiki deyil, strateji-diplomatik qələbə deməkdir. Beləliklə, Azərbaycan münaqişə sonrası nizamın hüquqi sütunlarını beynəlxalq hüquqla uyğunlaşdıraraq öz mövqeyini möhkəmləndirir.
İkinci, geoiqtisadi imkanlar aspekti diqqətəlayiqdir. Zəngəzur dəhlizi ilə oxşarlıq göstərən TRIPP marşrutu, dəmir yolu xətləri, enerji infrastrukturunun inteqrasiyası və tranzit marşrutlarının açılması Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsini sürətləndirə bilər. Bu, yalnız ticarət axınlarının artması və tranzit gəlirlərinin yüksəlməsi ilə məhdudlaşmır; eyni zamanda enerji diplomatiyası sahəsində Bakının əlini gücləndirir, onu Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü roluna gətirir. ABŞ-ın təşəbbüsə dəstək verməsi dəhlizin yalnız regional deyil, beynəlxalq əhəmiyyət kəsb etdiyini göstərir və bu, Azərbaycanın çoxşaxəli xarici iqtisadi siyasətinə əlavə manevr imkanları qazandırır.
Üçüncü, daxili leqitimasiya və hakimiyyət narrativi kontekstində bu proses, Azərbaycan cəmiyyəti tərəfindən çox böyük təqdirlə qarşılandı, Prezident İlham Əliyevin “müharibədə qalib gəldi — indi sülhü qazandı” imici toplumda açıq dəstək qazandı.
Paraflanma aktı Azərbaycanın postmüharibə strategiyasının üç əsas sütununu — hüquqi legitimlik, geoiqtisadi yüksəliş və daxili siyasi möhkəmlik — eyni vaxtda dəstəkləyən nadir hadisələrdən biri kimi çıxış edir. Bu isə onu təkcə diplomatik mərhələ deyil, həm də çoxvektorlu milli strategiyanın əsas bəndi kimi dəyərləndirməyə imkan verir.

Vaşinqtonda paraflanmış saziş Cənubi Qafqaz üçün yeni imkanlar pəncərəsi
açmaqla yanaşı, bu prosesin uğurla icrası ciddi risklərin idarə olunmasını tələb edir.
İmkanlar spektrində ilk növbədə, regionun geosiyasi sabitliyə doğru yönəlməsi
ehtimalı ön plana çıxır. Əgər TRIPP dəhlizi və ona bağlı infrastruktur layihələri
reallaşarsa, Ermənistan, Azərbaycan və qonşu dövlətlər arasında iqtisadi
inteqrasiya dərinləşə, qarşılıqlı asılılıq mexanizmləri formalaşa bilər. Bu,
uzunmüddətli perspektivdə münaqişə riskini azaldan və kollektiv rifahı artıran
iqtisadi zəmindir. Paralel olaraq, ABŞ və digər Qərb aktorlarının bölgədə
iştirakının artması enerji təhlükəsizliyi, alternativ ticarət yolları və rəqəmsal
infrastruktur sahələrində inkişaf imkanlarını genişləndirir.
Lakin bu müsbət
potensialı müşayiət edən risklər də az deyil. Ən başlıca risk İran və Rusiyanın
təşəbbüsə qarşı açıq və ya dolayı müqavimət göstərməsidir. İranın əsas
narahatlığı, sərhəd geosiyasətinə və öz tranzit marşrutlarının əhəmiyyətinə xələl
gəlməsi ilə bağlıdır. Rusiya üçün isə məsələ postsovet məkanında təsir
imkanlarının zəifləməsi və vasitəçilik rolunun ABŞ-a keçməsi deməkdir. Bu iki
gücün mümkün təzyiq və ya sabotaj mexanizmləri layihənin icra tempini ləngidə,
hətta siyasi gərginlik yarada bilər.
Digər risk faktoru Ermənistan daxilindəki daxili
siyasi proseslərdir. Paraflanma hüquqi qüvvəyə minməsi üçün imzalanmalı və
ratifikasiya edilməlidir. Ermənistan konstitusiyasına dəyişikliklər, ictimai rəydə
müqavimət, müxalif qüvvələrin bu prosesi bloklama cəhdləri real ssenarilərdir.
Eyni zamanda, dəhliz marşrutunun təhlükəsizliyinin təmin olunması praktiki və hərbi-siyasi
koordinasiya tələb edir; kiçik bir insident belə tərəflərin etimadını sarsıda
bilər.
Bu mənzərədə region üçün strateji seçim “imkan–risk balansını” necə idarə etməklə bağlı olacaq. Əgər tərəflər iqtisadi qarşılıqlı asılılıq, təhlükəsizlik zəmanətləri və çoxvektorlu diplomatiya kombinasiyasını uğurla tətbiq edə bilsələr, Vaşinqton paraflanması yalnız ikitərəfli sülh deyil, bütün Cənubi Qafqazın daha açıq, təhlükəsiz və inteqrasiya olunmuş bir gələcəyə yönəlməsinin təməli ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı
çıxışları, səsləndirdiyi ifadələr və istifadə etdiyi ritorik konstruksiyalar
yalnız diplomatik protokolun bir hissəsi deyil, həm də çoxqatlı strateji
siqnalların daşıyıcısıdır. “Müharibədə qalib gəldi — indi sülhü qazandı”
formulu bu diskursun mərkəzi sütunlarından biridir.
Bu fraza bir tərəfdən instrumental leqitimasiya rolunu
oynayır: daxili auditoriyada iqtidarın 2020-ci ildən bəri qazandığı “qalib dövlət”
imicini möhkəmləndirir, hakimiyyətin strateji istiqamətinin nəticə verdiyini təsdiqləyir.
Bu, siyasi sabitliyin qorunması və ictimai dəstəyin konsolidasiyası üçün önəmlidir.
Eyni zamanda, bu ifadə xarici aktorlara — xüsusilə potensial investorlar və
beynəlxalq donorlara — “məsələ yekunlaşıb, risklər idarə olunub” mesajını
ötürür. Bu, iqtisadi əməkdaşlıq və infrastruktur layihələri üçün daha əlverişli
fon yaratmağı hədəfləyir.
İkinci qat — güc siyasətindən diplomatik
konsolidasiyaya keçid mesajıdır. Əliyev faktiki olaraq göstərir ki, hərbi yolla
əldə edilmiş nəticələr diplomatik kanallar vasitəsilə hüquqi və beynəlxalq çərçivədə
möhkəmləndirilir. Bu, beynəlxalq siyasət nəzəriyyəsində “hard power”ın “soft
power” ilə tamamlanması modelinə uyğundur. Burada həm də Qərb auditoriyası üçün
vacib bir siqnal var: Azərbaycan regional sabitlik və əməkdaşlıq üçün məsuliyyətli
aktor kimi çıxış edir.
Üçüncü qat — tənqidlərə qarşı preventiv müdafiə
funksiyasıdır. Müharibə sonrası dövrdə istər daxildə, istərsə də xaricdə hökumətin
siyasətinə dair yaranacaq hər hansı narazılıqlar bu formul vasitəsilə
neytrallaşdırılır: “Siyasət nəticə verdi və indi bu nəticə sülh şəklində
davam edir.” Bu, həm siyasi diskursda, həm də mediada güclü legitimləşdirici çərçivədir.
Beləliklə, “Müharibədə qalib gəldi — indi sülhü qazandı” ifadəsi yalnız emosional-siyasi şüar deyil, həm daxili siyasi sabitlik, həm də xarici strateji imic üçün işlənmiş çoxvektorlu kommunikasiya alətidir. Onun Vaşinqton kimi beynəlxalq platformada səsləndirilməsi isə bu mesajın həm regional, həm də qlobal auditoriyaya yönəldiyini göstərir.
Azərbaycanın Vaşinqtondakı siyasətində Minsk Qrupunun ləğvi
mövzusu həm simvolik, həm də faktiki bir dönüş nöqtəsi kimi təqdim olunur.
Prezident İlham Əliyevin çıxışlarında bu məsələ strateji əhəmiyyət daşıyan bir
siqnaldır. Minsk Qrupunun funksiyasının dayandırılması, Azərbaycan üçün sadəcə
vasitəçi strukturunun yox olması deyil, həm də trans-regional münaqişə həll
mexanizmlərində ciddi sistem dəyişiminin başladığını göstərir.
Bu, beynəlxalq
münasibətlərdə suverenlik və milli müstəqillik prinsiplərinin daha qabarıq
vurğulanması ilə paralel gedir. Bakı, status-kvonu dəyişdirərək, öz ərazi
bütövlüyü və sərhəd suverenliyini beynəlxalq hüquq çərçivəsində daha güclü
müdafiə etmək niyyətindədir. Bununla da, artıq “köhnə vasitəçilər” kimi tanınan
və xüsusən Rusiya mərkəzli ATƏT Minsk Qrupunun qərarverici rolunun arxa plana
keçməsi arzusunu açıq nümayiş etdirir.
Bu yanaşma həmçinin
regional güc mərkəzləri arasında sfera mübarizəsinin yeni mərhələsi kimi qiymətləndirilə
bilər. Moskvanın dominant olduğu vasitəçilik modelindən uzaqlaşmaq, Bakı üçün həm
diplomatik manevr imkanlarını artırır, həm də qlobal aktorlar – xüsusən ABŞ və
Avropa Birliyi ilə birbaşa əlaqələrin gücləndirilməsinə yol açır.
Bütün bunlar
Azərbaycanın Cənubi Qafqazda öz geosiyasi müstəqilliyini və aktiv oyunçu rolunu
möhkəmləndirmək məqsədilə atdığı addımlar kimi anlaşılır. Minsk Qrupunun ləğvi,
eyni zamanda, konflikt həllində yeni hüquqi və siyasi mexanizmlərin
formalaşmasına zəmin yaradır ki, bu da Azərbaycanın beynəlxalq arenada
leqitimliyini artırır və onun regionda sülh proseslərində əsas aktora çevrilməsinə
imkan verir.
Vaşinqtondakı
razılaşmada xüsusi vurğulanan TRIPP (Trump Route for International Peace and
Prosperity) kimi təqdim olunan nəqliyyat dəhlizinin və Naxçıvan keçidinin əhəmiyyəti
Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan çoxşaxəlidir. Bu dəhlizlər
sadəcə coğrafi marşrutlar deyil, onların arxasında duran siyasi mesaj və
iqtisadi leverage Azərbaycanın regional təsirini artırmaq və uzunmüddətli
geosiyasi üstünlük qazanmaq üçün bir vasitə kimi görünür.
Dəhlizlər Azərbaycanın
tranzit potensialını maksimum dərəcədə istifadə etməsinə imkan yaradır. Əsasən
Avropa ilə Asiya arasında yeni ticarət marşrutlarının formalaşması, tranzit gəlirlərinin
artması, enerji resurslarının ixracının genişlənməsi Azərbaycanın iqtisadi
inkişaf strategiyasına müstəsna töhfə verir. Bu, ölkənin yalnız regional
iqtisadi güc kimi deyil, həm də qlobal iqtisadi sistemdə strateji oyunçu kimi
mövqeyini möhkəmləndirir.
Dəhliz məsələsi
təkcə iqtisadi gəlir və tranzit məsələsi deyil, həm də Azərbaycanın suverenlik
hüquqlarının beynəlxalq səviyyədə tanınması və qorunması kontekstində mühüm yer
tutur. Naxçıvan keçidi xüsusilə Azərbaycanın regional kommunikasiya təhlükəsizliyi
üçün həyati əhəmiyyət kəsb edir. Bu keçid vasitəsilə Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə əlaqəsinin təmin edilməsi yalnız coğrafi-məkan məsələsi
deyil, həm də siyasi suverenlik məsələsidir.
Prezident
İlham Əliyevin “Ermənistan tranzit ölkəsi ola bilər” bəyanatı çox yönlü
strateji mesajdır. Bu ifadə bir tərəfdən Ermənistanın iqtisadi itkilərini müəyyən
mənada kompensasiya etmək təklifi kimi qəbul oluna bilər, digər tərəfdən isə
Ermənistana regional əməkdaşlıqda iştirak etmək üçün “mənfəətə çevrilmiş” bir
imkan təqdim edir. Bu, Ermənistanı regional inteqrasiya proseslərinə cəlb etməklə,
həm də ona müəyyən tənzimləyici rol oynamağa imkan verən bir strategiyadır.
Bununla
yanaşı, belə bir siqnal həm də Ermənistanın münaqişədən sonra mövqeyini yenidən
formalaşdırması üçün bir təzyiq vasitəsi ola bilər. Azərbaycanın bu kontekstdə
rolu, həm regional dialoqu təşviq etmək, həm də öz geosiyasi mövqeyini möhkəmləndirmək
üçün manevr imkanlarını genişləndirir.
Dəhlizlərin əhəmiyyətini
vurğulamaqla Əliyev eyni zamanda türk dünyasına və xüsusilə Türkiyəyə mesaj
verir ki, Azərbaycanın bu layihələrdə lider və açar oyunçu kimi mövqeyi var.
Bu, həm daxili ictimaiyyətdə milli qürur və birliyə təkan verir, həm də türk
xalqları arasında inteqrasiyanın və ortaq maraqların təşviqində mühüm faktor
kimi çıxış edir.
TRIPP və Naxçıvan keçidi təkcə coğrafi infrastruktur deyil, Azərbaycanın geosiyasi ambisiyalarının və iqtisadi-strateji maraqlarının realizə olunduğu məkandır. Bu, regionda uzunmüddətli sülhün və inkişafın təmin edilməsində Azərbaycanın öncül rolunu simvolizə edir və ölkənin öz strateji hədəflərinə çatması üçün mühüm mexanizmdir.
Azərbaycanın ABŞ ilə strateji yaxınlaşması yalnız geosiyasi və
iqtisadi kontekstdə deyil, həm də ideoloji və siyasi retorika səviyyəsində əhəmiyyətli
təsirə malikdir. Bu əlaqələrin güclənməsi ilə bağlı ən mühüm məqamlardan biri
907-ci düzəlişin ləğvi məsələsinin ortaya çıxmasıdır. 907-ci düzəliş, ABŞ
Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycanla əlaqələrdə müəyyən məhdudiyyətlər
qoyan bir normativ-hüquqi akt idi. Onun ləğvi isə Azərbaycan üçün həm tarixi ədalətsizliyin
aradan qaldırılması, həm də ABŞ-ın Cənubi Qafqazda daha aktiv və önəmli aktor
kimi səhnəyə çıxmasının simvolu kimi qəbul olunur.
Prezident
İlham Əliyev bu məsələyə rəmzi jest kimi yanaşır; onun çıxışlarında 907-ci düzəlişin
ləğvi Azərbaycanın ABŞ-la münasibətlərinin yeni mərhələyə qalxması kimi vurğulanır.
Bu, xarici siyasətdə Azərbaycanın mövqeyini gücləndirmək üçün
ideoloji-pragmatik bir siqnal funksiyası daşıyır.
Beləliklə,
907-ci düzəlişin ləğvi həm tarixi qərəzin aradan qaldırılması kimi simvolik dəyər
daşıyır, həm də ABŞ-ın regional siyasətdə rolunu artırmaqla, Azərbaycanın beynəlxalq
statusunu möhkəmləndirir. Bu, Azərbaycanın “dünyanın böyük güc mərkəzləri” ilə
münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırması və regiondakı
balanslaşdırılmış diplomatiyanı gücləndirməsinə xidmət edir.
Vaşinqtonda paraflanma mərhələsinin yekunlaşması sülh mexanizminin ilkin addımıdır. İndi ən mürəkkəb və həlledici mərhələ başlayır – paraflanan sənədlərin praktik icrası və regional transformasiyanın təmin olunması. Bu mərhələdə Azərbaycan, Ermənistan və ABŞ-ın strategiyası ilə yanaşı, Rusiya və İran kimi əsas regional güclərin mövqeləri və narahatlıqları ön plana çıxır. İcraya keçidin başlıca məhdudiyyətləri və kritik monitorinq nöqtələri aşağıdakı kimi qruplaşdırıla bilər:
1.
Konstitusiya düzəlişləri və Ermənistanın daxili siyasəti. Paraflanmış sənəddə Ermənistan tərəfindən ərazi
iddiasını aradan qaldırmaq üçün konstitusiyaya uyğun dəyişikliklərin edilməsi tələb
olunur. Bu tələb hüquqi baxımdan sülhün təminatında vacib element kimi təqdim
edilir. Lakin Ermənistanın daxilində belə dəyişikliyin qəbulu mürəkkəbdir —
siyasi partiyalar, millətçi qüvvələr və ictimai rəy arasında ciddi mübahisələr
mövcuddur. Bu prosesin uzunmüddətli və təzadlı olması ehtimalı yüksəkdir, eyni
zamanda Ermənistanın daxili siyasi stabilliyinə ciddi təsir göstərə bilər. Beləliklə,
konstitusiya düzəlişlərinin vaxtı və məzmunu sülh prosesinin əsas qeyri-müəyyənliyidir.
2. Təhlükəsizlik
və regional idarəetmə mexanizmləri. Koridorun təhlükəsizliyinin təmin olunması həm
fiziki, həm də hüquqi çərçivədə tənzimlənməlidir. Burada sərhəd rejimlərinin
effektiv tətbiqi, dövlətlərarası hüquqi mexanizmlərin yaradılması — məsələn,
3+3 formatında regional təhlükəsizlik platformalarının formalaşması — vacib rol
oynayır. Lakin bu, həm Rusiya, həm İran kimi regional güclərin narahatlığı ilə
üz-üzədir. Onlar bu mexanizmlərin idarəçiliyində öz təsir imkanlarını itirməkdən
ehtiyatlanırlar və Vaşinqtonun təşəbbüsünə qarşı müəyyən həssaslıq nümayiş
etdirirlər. Bu da təhlükəsizlik arxitekturasının qurulmasında risklər və rəqabət
mənzərəsi yaradır.
3. İqtisadi investisiya
və infrastrukturun inkişafı. Zəngəzur dəhlizi kimi ambisiyalı regional layihələr üçün yüksək
maliyyə-texniki zəmanətlər, investorların risklərinin kompensasiyası və
regional tərəfdaşların koordinasiyası tələb olunur. Bu, uzunmüddətli
planlaşdırma və yüksək səviyyəli əməkdaşlıq deməkdir. ABŞ və beynəlxalq maliyyə
qurumlarının iştirakı mühüm olsa da, investisiya axınının intensivliyi siyasi və
təhlükəsizlik vəziyyətindən ciddi asılıdır. Həmçinin, layihələrin icrası üçün zəruri
infrastrukturun — dəmir yolları, enerji xətləri, logistika mərkəzləri —
yaradılması geniş və mürəkkəb idarəetmə prosesidir.
Bu çətin kontekst və məhdudiyyətlər fonunda gələcək
sülh və inteqrasiya prosesi üçün üç əsas ssenari ön plana çıxır:
1. İdeal ssenari: institutlaşdırılmış və davamlı sülh.
Bu ssenaridə paraflanmış sənədlər uğurla icra olunur;
Ermənistan konstitusiyasında müvafiq düzəlişlər edilir, Zəngəzur dəhlizi açılır
və ABŞ, Avropa Birliyi kimi beynəlxalq investorlar infrastruktur layihələrinə
geniş maliyyə dəstəyi göstərirlər. Nəticədə, regional iqtisadi canlanma
başlayır, ticarət və tranzit axınları artaraq Azərbaycan və Ermənistan arasında
qarşılıqlı faydalı əməkdaşlıq formalaşır. Rusiya və İran bu prosesdə passiv
razılaşma nümayiş etdirir, yeni regional nizamın tərkib hissəsi kimi iştirak
etməyə razılaşırlar. Bu ssenari, uzunmüddətli regional sabitlik və inteqrasiya
üçün ən uğurlu perspektivi təmsil edir.
2. Partlayıcı ssenari: Böyük güclərin qarşıdurması və regional
gərginliyin artması. Bu ssenaridə
İran və Rusiya təşəbbüsə açıq şəkildə etiraz edir, bəzən isə hərbi və yarım-hərbi
müdaxilələrlə təşəbbüsün qarşısını almağa çalışırlar. Ermənistan daxilində
radikal və millətçi qruplar müqavimət göstərərək siyasi vəziyyəti gərginləşdirir,
koridorun açılması prosesini təxirə salır və ya iflasa uğradır. Bu, regionda
yeni qarşıdurma ocaqlarının yaranmasına, lokal münaqişələrin alovlanmasına və
geosiyasi rəqabətin kəskinləşməsinə səbəb ola bilər. Nəticədə, sülh prosesi
ciddi şəkildə pozulur və təhlükəsizlik arxitekturası qeyri-sabitləşir. Bu məsələdə məsuliyyət Ermənistanın üzərinə düşür. İnanmaq istərdk ki, Paşinyan risklərin idarə edilməsi ilə bağlı düzgün qərar qəbul edəcək.
3. Dondurma ssenarisi: Formal paraflanma, amma zəif icra
və inteqrasiyanın əskikliyi. Paraflanma
sənədi yalnız formal simvol kimi qalır; imzalanma və ratifikasiya mərhələsi
gecikir, konstitusiya dəyişiklikləri həyata keçirilməz və korridorun açılması
siyasi və texniki səbəblərdən mümkün olmaz. Bu vəziyyətdə regionda inteqrasiya
baş tutmur, sülh prosesinin irəliləməsi dayanır və mövcud gərginliklər qalır.
ABŞ və digər beynəlxalq aktorların təşəbbüsə verdiyi dəstək zəifləyir və proses
daxili siyasi qaranlıqda unudulur. Bu da sülhün real təmin olunmasına və
regionda dayanıqlı stabilliyə böyük zərbə vurur.
Bu təhlil göstərir ki, Vaşinqtonda paraflanma mərhələsi başlanğıcdır və sonrakı icra prosesi həm regional aktorların maraqları, həm də daxili siyasi dinamikalar səbəbindən çoxsaylı risklər və mürəkkəb maneələrlə üz-üzədir. Azərbaycan üçün isə bu, strateji mövqeyin möhkəmlənməsi, regional tranzit və iqtisadi inteqrasiyanın genişlənməsi baxımından böyük fürsətlər yaradır. İdarəetmə, dialoq və kompromis mexanizmlərinin uğurla qurulması prosesin uğurunu müəyyən edəcək. Gələcək hadisələrin inkişafı Ermənistanın məsuliyyətli davranışlarından daha çox asılıdır.
İçərisində olduğumuz bu reallıqların memarı mahir diplomat, Prezident İlham Əliyevin siyasi gedişləri prosesin uğurla nəticələnəcəyinə ciddi inam yaradır. Cənab prezidentin təbirincə desək o nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Bütün bunlarla yanaşı düşmənlər unutmasın ki, "Dəmir yumruq" yerindədir.
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
15:45 11.08.2025
Oxunuş sayı: 1876
