İranda yeni ali dini rəhbər seçildi: Bu, ABŞ və İsraili qane edəcəkmi?- Müsahibə
İranda yeni ali dini rəhbərin seçilməsi ölkənin siyasi tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Uzun illər ölkəyə rəhbərlik etmiş Seyid Əli Xamneyinin ölümündən sonra İranın ali dini rəhbəri vəzifəsinə onun oğlu Müctəba Xamenei seçilib. Bu qərar ölkənin ali dini və siyasi qurumu olan Ekspertlər Şurası tərəfindən qəbul edilib və bununla da İran İslam Respublikasının tarixində üçüncü ali rəhbər müəyyənləşdirilib.
Yeni rəhbərin seçilməsi təkcə İran daxilində deyil, bütün Yaxın Şərq regionunda diqqətlə izlənilən hadisəyə çevrilib. Analitiklərin fikrincə, bu dəyişiklik İranın daxili siyasi kursuna, hərbi strategiyasına və beynəlxalq münasibətlərinə ciddi təsir göstərə bilər. Xüsusilə regionda ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda baş verən bu hakimiyyət dəyişikliyi ölkənin gələcək siyasəti ilə bağlı müxtəlif ehtimallar doğurur. Ekspertlər qeyd edir ki, yeni rəhbərin siyasi baxışları və güc strukturları ilə sıx əlaqələri İranın daha sərt və prinsipial xətt yürüdə biləcəyinə işarə edir.
Digər tərəfdən, bu seçim İran siyasi sistemində davamlılıq və sabitlik mesajı kimi də qiymətləndirilir. Yeni ali rəhbərin hakimiyyətə gəlməsi ilə ölkədə həm daxili siyasi idarəetmədə, həm də regiondakı geosiyasi proseslərdə müəyyən dəyişikliklərin baş verməsi gözlənilir. İranın nüvə proqramı, regional münaqişələrdə rolu və Qərb ölkələri ilə münasibətləri bu dəyişikliklərin əsas istiqamətləri kimi göstərilir. Bu səbəbdən İranın yeni ali dini rəhbərinin fəaliyyəti yaxın illərdə Yaxın Şərqin siyasi balansına təsir edə biləcək mühüm faktorlardan biri hesab olunur.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

— İran ətrafında baş verən proseslər hazırda region və dünya üçün nə dərəcədə ciddi əhəmiyyət daşıyır?
— İran ətrafında gedən proseslər artıq təkcə region dövlətlərini və xalqlarını deyil, bütövlükdə dünya ictimaiyyətini ciddi şəkildə düşündürür. Çünki burada son dərəcə təhlükəli proseslərə meydan verilib və beynəlxalq hüquq normaları baxımından İrana qarşı təcavüz halları müşahidə olunur. Dünya praktikasında nadir hallarda rast gəlinən bir vəziyyət yaranıb: bir dövlət digər dövlətin hərbi, siyasi və dini rəhbərlərini birbaşa hədəfə alır. Bu isə beynəlxalq münasibətlər sistemində son dərəcə təhlükəli presedent yaradır və gələcək üçün ciddi risklər formalaşdırır.
— İranın yeni ali dini liderinin seçilməsi region üçün hansı mənanı daşıyır?
— Hazırkı mərhələdə İran üçün mühüm hadisələrdən biri də yeni ali dini liderin seçilməsidir. Bu hadisə beynəlxalq səviyyədə böyük diqqətlə qarşılandı. Bir çox dövlətlər, o cümlədən region ölkələri bu məsələyə münasibətlərini bildirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də İran xalqını və yeni ali dini lider Möhtəba Xamenei ni təbrik etdi. Şübhəsiz ki, gözləntilər böyükdür. Çünki yeni seçilmiş dini lider gənc bir xadimdir və onun üzərinə düşən məsuliyyət olduqca böyükdür. Hazırda regionda mürəkkəb və gərgin proseslər gedir. Belə bir mərhələdə İran siyasətində dərhal köklü dəyişikliklərin baş verməsi real görünməsə də, müharibə bitdikdən sonra müəyyən islahatların həyata keçirilməsi ehtimalı yüksəkdir.
— Sizcə, İranın region siyasətində hansı dəyişikliklərə ehtiyac var?
— İranın xüsusilə region siyasətinə daha konstruktiv və sağlam yanaşma nümayiş etdirməsi vacibdir. Azərbaycan hər zaman İrana qarşı münasibətlərində dözümlü və loyal mövqe sərgiləyib, qonşuluq siyasətinə üstünlük verib və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Bununla yanaşı, bəzi hallarda İran daxilində müəyyən qrupların məsuliyyətsiz addımları iki ölkə arasında münasibətlərdə gərginlik yaratmağa cəhd edib. Bu isə qəbuledilməzdir. Rəsmi Tehran ilk növbədə qonşu dövlətlərlə münasibətlərinə konstruktiv yanaşmalı, gərginliyin azaldılması istiqamətində real addımlar atmalı və həm daxildə, həm də xaricdə sabitləşdirici siyasətə üstünlük verdiyini göstərməlidir.
— Azərbaycan–İran münasibətlərinin gələcəyi barədə gözləntiləriniz nədir?
— Hesab edirəm ki, Azərbaycan ilə İran arasında münasibətlər yaxın perspektivdə yeni keyfiyyət mərhələsinə keçə bilər. Prezident İlham Əliyevin Möhtəba Xameneini təbrik etməsi də Azərbaycanın əməkdaşlığın genişlənməsi, qarşılıqlı anlaşmanın dərinləşməsi və etimadın güclənməsi tərəfdarı olduğunu göstərir. Bu həm də birgə regional layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrin inkişafı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən asılıdır. Azərbaycan artıq Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi iri regional layihələrlə qlobal inteqrasiya siyasətini uğurla həyata keçirir. Ümid edirəm ki, gələcəkdə İranla münasibətlər də daha sağlam əməkdaşlıq müstəvisində inkişaf edəcək və bu, region xalqlarının rifahına xidmət edəcək.
Elmir Heydərli
11:35 11.03.2026
Oxunuş sayı: 51