“National Geographic” jurnalı Azərbaycanda şərabçılıqla bağlı reportaj hazırlayıb

Nüfuzlu “National Geographic” jurnalı Azərbaycanda şərabçılığın tarixi, onun inkişaf mərhələləri və hazırkı səviyyəsi ilə bağlı reportaj hazırlayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın şimal-qərbindəki Göygöl rayonunda səfərdə olan jurnalın əməkdaşları burada yerləşən və qədim tarixi olan şərab anbarına da baş çəkib.
Onlara ilk olaraq bu anbarın tarixi barədə məlumat verilib. Bildirilib ki, anbarı vaxtilə yerli sakinlər aşkarlayıb. Onun içərisində tarixi 1930-cu illərə gedib çıxan şərab-çaxır ehtiyatları olub. Sonradan məlum olub ki, həmin anbar və onun içərisindəki ehtiyatlar alman əsilli şərabçı Kristoff Vorerə məxsus imiş.
Qonaqlara daha sonra bu regionda şərabçılıq ənənələrinin Rusiya imperiyasının immiqrasiya siyasətinin əsasının qoyulduğu 1819-cu ildən, 500 alman ailəsinin o vaxtkı adı ilə Vürtemberq (indiki adı: Baden-Vürtemberq) olan əyalətdən Azərbaycanın Göygöl və Şəmkir rayonlarına köçü ilə başlayıb.
Sonradan bu rayonlar bir müddət Helenendorf və Annenfeld də adlandırılıb.
Əncəbi qonaqlara burada saxlanılan və vaxtilə məişət şəraitində hazırlanan şərab növləri barədə məlumat verilib. Qeyd edilib ki, tarixən həmin məhsulların ilk alıcıları onların sırf keyfiyyətinə görə uzaq Fransadan buralara qədər gəlib çıxıblar.
İstehsalatı daha da genişləndirmək və geniş areala ixrac həyata keçirmək məqsədilə 1860-cı ildə burada indiki adı ilə “Göygöl Şərab Zavodu” inşa edilib.
1985-ci ildə SSRİ-nin o vaxtkı rəhbərliyinin başladığı sərxoşluqla mübarizə kampaniyası Azərbaycanda vaxtilə salınmış üzüm sahələrinin tamamilə məhvinə səbəb olub. 2000-ci illərin əvvəllərindən başlayaraq, ölkə yenidən bu önəmli sektorun dirçəldilməsi üçün əhəmiyyətli tədbirlərə başlayıb.
O da qeyd edilib ki, hazırda Göygöldə bu ənənəni təqribən 200 hektardan bir qədər çox üzümçülük sahəsinə sahib olan Rasim Ömərov uğurla davam etdirir. O özünü Kristof Vorerin başladığı ənənənin varisi hesab edir. R.Ömərovun sahibi olduğu müəssisə “Xan 1860” əmtəə nişanı ilə məhsulların istehsalını davam etdirir. Rasim Ömərov qonaqlara danışır ki, müəssisəyə məxsus sahələrdə mədrəsə, yarışirəli, qalınqabıq, qırmızı və digər növlərdə üzüm yetişdirilir.
Eyni zamanda onlara Azərbaycanın Gəncə - Qazax regionu ilə yanaşı, Şirvan bölgəsi, Lənkəran – Astara və Qarabağ zonasında bol məhsuldarlığı ilə seçilən üzüm sahələrinin mövcud olduğundan da danışılıb.
Daha sonra almaniyalı ziyarətçilər uzun illər burada yaşayan və 2007-ci ildə vəfat edən alman əsilli Viktor Kleynin evini də ziyarət ediblər. Onlara bildirilib ki, hazırda bu evin muzeyə çevrilməsi istiqamətində iş aparılır.
Ardınca alman qonaqlar ixtisasca cərrah olan Fərhad Ağayevin Xaçmazdakı üzümçülük sahəsinə də baş çəkiblər.
O məlumat verib ki, burada İtaliyadan gətirilmiş altı ədəd üzüm sortu yetişdirilir.
İsmayıllı rayonu da üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Rayonun Hacıhətəmli kəndində də geniş üzüm sahələri mövcuddur. Burada həmçinin, qonaqların gecələməsi üçün xüsusi otaqlar da inşa edilib.
Qəbələ rayonu İsmayıllı ilə qonşu bölgələrdən biridir. Bu bölgəni unikal edən daha bir amil ixtisasca ictimaiyyətlə əlaqələr üzrə menecer olan Aygün Atayevanın üzümçülüklə məşğul olmasındadır. Burada onun özünə məxsus 364 hektar üzümçülük sahəsi yerləşir.
Qonaqlar son olaraq Şəkidə də olublar. Onlara bildirilib ki, Şəkidə istehsal edilən şərabların üzərində burada geniş yayılmış kəlağayının naxışları həkk olunub. Şəki həm də UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
Əncəbilər Şəkidə istehsal edilən şərab məhsullarını dequstasiya edib, eləcə də bu bölgənin unikal mətbəxinə məxsus yeməklərə qonaq olublar.
17:37 05.08.2025
Oxunuş sayı: 757