Yüksələnimiz, yoxsa Günəş, Ay bürcümüz daha önəmlidir? - Astroloqdan izah
Astrologiya ilə bağlı ən çox müzakirələrə səbəb olan məsələlərdən biri proqnozlara diqqət edərkən yüksələnimizi, yoxsa, Günəş, Ay bürcümüzü əsas götürməklə bağlıdır. Bu, bir sıra hallarda insanlarda çaşqınlıq yaradır. Nəticədə xüsusilə bürclərə inanan insanlar bəzi hallarda çaşqınlıq yaşayırlar.

Astroloq Fidan Ələsgərova Crossmedia.az-a açıqlamasında bu məsələyə münasibət bildirib: "Öncə yüksələn bürcümüzü oxumalıyıq, sonra Günəş, Ay bürcümüzü oxuya bilərik. Yüksələn bürcünü bilməyən bir çox insan var. Bunun üçün onlara doğulduqları saat lazımdır. Əgər bunu da bilmirlərsə və bir Astroloqdan yardım almaq imkanları yoxdursa bu zaman qeyd olunan proqnozlarda Günəş,Ay bürcünü oxuya bilərlər. Astroloqlar tranzitlərlə bağlı məlumat verdiyi zaman bunu yüksələn bürcünə əsasən hazırlayırlar.Günəş bürcündən fərqli olaraq, yüksələn bürc şəxsiyyətiniz və dünyaya baxışınızla bağlıdır. Yüksələn bürc bizim dünyaya göz açdığımız an şərqdə doğulan ilk bürcü göstərir. Yüksələn bürcünüz doğum xəritənizdəki "evlərin" dəqiq düzülüşünü müəyyən edir. Bu, Astroloqların mövcud planetar hərəkətlərin (tranzitlərin) həyatınızın müəyyən sahələri ilə necə qarşılıqlı təsir etdiyini izləmək üçün istifadə etdiyi çərçivə kimi xidmət edir.Astrologiyada 12 ev müxtəlif həyat sahələrini, məsələn:karyera, münasibətlər, maliyyə,evlilik,sağlamlıq və s. təmsil edir. Yüksələn bürcünüz ilk evinizin dəqiq mövqeyini müəyyən edir. Astroloqların yüksələnə görə proqnoz verməyinin əsas səbəblərindən biri tranzitdə olan planetin hazırda həmin şəxsin xəritəsində harada olduğunu bilməkdir. Məsələn, Yüksələni Qoç olan biri üçün Yupiter Xərçəng tranziti haqqında məlumat versək,hazırda bu tranzitin doğum xəritəsində 4-cü evində olduğunu, ev, ailə, yuva, vətən, köklər, bağlar, keçmiş mövzuların hazırda həyatında aktiv olduğunu qeyd edə bilərik. Başqa yüksələn bürclərdə bu tranzit fərqli evlərdə yaşanacağı üçün fərqli həyat sahələrinə təsir edəcəyini göstərəcək bizə. Əlavə olaraq səhər doğulmuş insanlar Günəş bürcünə görə, axşam doğulmuş insanlar isə Ay bürcünə görə proqnozları oxuya bilərlər. Əlavə olaraq qeyd edim ki, proqnozlar ümumi məlumatdır. Daha detallı analiz üçün peşəkar Astroloqa xəritəni analiz etdirmək daha yaxşı olar.
19:15 01.06.2026
Oxunuş sayı: 57