Xarici investorların sənaye zonalarına marağı artır – Yeni mərhələnin başlanğıcı

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında bu günədək 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyata alınıb. Agentliyin məlumatına görə, müxtəlif ölkələri təmsil edən bu şirkətlər tikinti kimyəvi vasitələri, dərman preparatları, elektrik avtobusları və digər istiqamətlər üzrə fəaliyyət göstərir. Yalnız 2025-ci ilin ilk yeddi ayında Çin, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mənşəli 4 yeni şirkət sənaye zonalarına 200 milyon manatdan artıq investisiya yatıraraq 3 000-dək yeni iş yeri yaratmağı planlaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında iqtisadçı-ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Gündüz Camalzadə bildirib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda xarici investorların sənaye zonalarına marağının artması prosesi yeni mərhələyə qədəm qoyur.
Ekspertin sözlərinə görə, xüsusilə 2025-ci ilin ilk yeddi ayında müşahidə olunan dinamik artım Azərbaycanın yeni iqtisadi modelə keçidinin göstəricilərindən biridir: “Xarici investisiyalar təkcə kapital və texnologiya deyil, eyni zamanda institusional islahatların və rəqabətli biznes mühitinin mühüm indikatorudur. Bu baxımdan, son dövrlərdə atılan fundamental addımlar Azərbaycanın sənaye sektorunu xarici tərəfdaşlar üçün daha cəlbedici edir.”
G.Camalzadə qeyd edib ki, Azərbaycanın Business Ready (keçmiş Doing Business) indikatorları üzrə həyata keçirdiyi struktur islahatlar – xüsusilə lisenziya və icazələrin alınması, rəqabət qanunvericiliyi, vergi inzibatçılığı sahələrindəki dəyişikliklər – xarici investorların risk dəyərləndirməsində mühüm rol oynayır: "Bu tədbirlər yalnız sərmayə axınını sürətləndirmir, həm də dövlətin sahibkarlıq subyektləri ilə tərəfdaşlıq əsaslı münasibət qurmaq niyyətini ortaya qoyur. 2024-cü il iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsi ölkədə rəqabət mühitinin hüquqi tənzimlənməsində əlamətdar dönüş nöqtəsi olub. Yeni Məcəllə bazarda hökmran mövqe, sazişlər və iqtisadi təmərküzləşmələr üzrə yeni nəzarət və tənzimləmə alətlərini ehtiva edir. Bu isə sənaye zonalarında fəaliyyət göstərən xarici şirkətlər üçün daha ölçülə bilən və ədalətli rəqabət mühiti yaradır. Şəffaflıq və informasiya əlçatanlığının investisiya mühitinin mühüm dayaqlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, dövlət satınalmalarında, sənaye zonalarının idarəçiliyində və dövlət-özəl tərəfdaşlığı layihələrində elektron sistemlərin tətbiqi, məlumat bazalarının ictimaiyyətə açıq təqdimatı və hesabatlılıq mexanizmləri real irəliləyişlərə səbəb olub.Bu addımlar biznes mühitinin institusional inkişafına və korrupsiya risklərinin azalmasına xidmət edir".
Müsahib əlavə edib ki, Azərbaycan bu gün təkcə sənaye mərkəzi deyil, həm də regional ticarət və logistika qovşağı kimi xarici şirkətlər üçün strateji platformaya çevrilir: “Belə bir mövqe xarici sərmayəçilərə yalnız daxili deyil, daha geniş coğrafi bazarlara da çıxış imkanı təqdim edir. Normativ-hüquqi bazanın biznes proseslərinə uyğunlaşdırılması, iqtisadi inkişafı dəstəkləyən dövlət yanaşması, sənaye zonalarında fəaliyyət göstərən rezident şirkətlər üçün daha çevik və səmərəli idarəetmə modeli yaradır. Xarici investorların uzunmüddətli marağı ölkənin makroiqtisadi sabitliyi ilə birbaşa əlaqəlidir. İnflyasiya səviyyəsinin nəzarətdə saxlanılması, manatın sabit məzənnəsi, büdcə intizamı və strateji valyuta ehtiyatları Azərbaycanda biznes mühitini sabit və etibarlı edir. Bununla yanaşı, sənaye zonaları üçün nəzərdə tutulan güzəştli kreditlər, startap fondları və texnologiya transferi proqramları mikro səviyyədə iqtisadi dayanıqlılığı gücləndirir".
Sonda o qeyd edib ki, iqtisadi siyasətin sistemli davamlılığı, qeyri-neft sektorunda sənaye zonalarının genişləndirilməsi və rəqabət mühitinin qorunması, qarşıdakı illərdə həm investisiya layihələrinin sayında, həm də texnoloji yenilənməni təşviq edən kapital axınlarında əhəmiyyətli artım yaradacaq.
Mehriban Yariyeva
12:08 01.08.2025
Oxunuş sayı: 10507