DİM-in imtahanlarına kənar müdaxilə!: Qarşısını alınmalıdır

Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi tədbirlər nəticəsində ali məktəblərə qəbul imtahanlarında abituriyentlərə gizli texniki vasitələrlə kömək göstərən şəbəkə ifşa olunub. Məlum olub ki, həmin şəxslər mikroqulaqcıq, mikrokamera, mini telefon və digər qurğularla təchiz edilərək abituriyentlərə qanunsuz şəkildə yardım göstəriblər. Faktla bağlı cinayət işi başlanıb, bəzi abituriyentlərin nəticələri ləğv edilib.
Əlbəttə, belə hallar imtahanların şəffaflığını şübhə altına salır. Bəs necə edilməlidir ki, oxşar tendensiyaların qarşısı alınsın?
Bu barədə Crossmedia.az saytına açıqlama verən İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, ali məktəblərə qəbul imtahanlarında texnoloji fırıldaqçılıq halları təkcə imtahan prosesinə deyil, cəmiyyətin ədalət və güvən prinsipinə də ciddi zərbə vurur: “Bu kimi hallar təkcə texniki deyil, həm də sosial və institusional təhlükəsizlik məsələsidir. Belə halların qarşısını almaq üçün ilk növbədə imtahan mühitində texniki monitorinq sistemləri gücləndirilməli, radio siqnal detektorları, RF bloklayıcılar, kamera nəzarəti və biometrik identifikasiya sistemləri tətbiq olunmalıdır. Bu, xarici cihazlarla gizli əlaqəni aşkarlamağa və qarşısını almağa kömək edəcək. İmtahan prosesinin kibertəhlükəsizlik auditi aparılmalı, məlumatların ötürülməsi və emalı zamanı şifrələmə və çoxfaktorlu autentifikasiya kimi texnologiyalardan istifadə olunmalıdır. Qapalı şəbəkələrdən (air-gapped systems) istifadə, cihazların əvvəlcədən texniki yoxlanılması və texnoloji mühitin steril saxlanması da vacibdir. Bundan başqa, imtahanlara nəzarət edən personalın və könüllülərin texnologiyadan sui-istifadə hallarına qarşı xüsusi təlimlərdən keçirilməsi zəruri hesab olunur. Çünki texniki tədbirlərlə yanaşı, insan faktorunun da düzgün idarə edilməsi həlledici əhəmiyyət daşıyır.
E. Abbasov sonda vurğulayıb ki, bu tədbirlərlə imtahanların ədalətli və şəffaf şəkildə keçirilməsi təmin olunmaqla yanaşı, təhsil sisteminə olan ictimai inam da qorunmuş olur.
Mehriban Yariyeva
15:06 29.07.2025
Oxunuş sayı: 1437