Dünyada temperaturun yüksəlməsi ilə bağlı yeni xəbərdarlıq edildi
El Nino hava hadisəsinin güclənməsi dünyanın böyük hissəsində temperaturun orta göstəricidən yüksək olmasına, bəzi bölgələrdə isə quraqlıq və sel riskinin artmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) “Qlobal Mövsümi İqlim Yenilənməsi” adlı hesabatında oktyabr-dekabr dövrü üçün temperatur və yağıntı proqnozlarını açıqlayıb.
Hesabatda bildirilib ki, mərkəzi və şərqi tropik Sakit okeanda dəniz səthinin temperaturunun oktyabr, noyabr və dekabr aylarında rekord səviyyələrə yüksələcəyi gözlənilir. Bunun dünya üzrə hava şəraitinə, iqtisadiyyatlara, ekosistemlərə və cəmiyyətlərə təsir edən El Nino hadisəsinin gücləndiyini göstərdiyi qeyd olunub.
WMO-nun məlumatına görə, El Nino dekabrda gözlənilən pik həddə çatana qədər daha da güclənə bilər. Bu vəziyyətin dünyanın böyük hissəsində temperaturun orta göstəricidən yüksək olmasına və yağıntı rejiminin dəyişməsi nəticəsində müxtəlif bölgələrdə quraqlıq və sel riskinin artmasına səbəb ola biləcəyi vurğulanıb.
Hesabatda El Nino hadisəsinin mərkəzində yerləşən mərkəzi və şərqi ekvatorial Sakit okeanda dəniz səthi temperaturunun iyunda normadan orta hesabla 1,6 dərəcə yüksək olduğu bildirilib. Avqustda isə bu göstəricinin normadan 2,5 dərəcə yüksək olduğu qeyd edilib.
Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidməti, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və NASA-nın aylıq hesabatlarına əsasən, dünyanın müşahidə tarixində ən isti avqust yaşadığı bildirilib. Həmçinin qlobal dəniz səthi temperaturunun avqustda indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatdığı vurğulanıb.
Oktyabr-dekabr aylarında geniş ərazilərdə temperaturun 1993-2009-cu illər üzrə orta göstəricidən yüksək olacağı ehtimalının çox yüksək olduğu bildirilib. Bunun bütün bölgələrdə hər gün temperaturun normadan yüksək olacağı anlamına gəlmədiyi, lakin ekstremal istilər və istiliklə bağlı təsirlərin başvermə ehtimalını artırdığı qeyd edilib.
WMO-nun baş katibi Celeste Saulo El Nino hadisəsinin artıq tam formalaşdığını və sürətlə gücləndiyini bildirib.
Saulonun sözlərinə görə, WMO-nun proqnozları El Nino hadisəsinin 2027-ci ilin fevralına qədər davam etməsi ehtimalının 100 faizə yaxın olduğunu göstərir. O, bunun ən azı 1950-ci ildən bəri müşahidə olunan ən güclü El Nino hadisələrindən biri ola biləcəyini bildirib.
08:55 09.10.2026
Oxunuş sayı: 124