Tramp “SpaceX” istiqrazlarına 5 milyon dollaradək vəsait yatırıb
ABŞ Prezidenti Donald Tramp kommersiya məqsədli kosmik buraxılışlarla bağlı qaydaların yumşaldılmasından iki gün əvvəl “SpaceX” şirkətinin istiqrazlarına 1 milyon dollardan 5 milyon dollaradək vəsait yatırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” etik hesabat sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp avqustun 18-də “SpaceX” istiqrazlarını alıb, avqustun 20-də isə kommersiya kosmik buraxılışlarına dair tənzimləmələrin yumşaldılmasını nəzərdə tutan memorandum imzalayıb. Bu dəyişikliklərin İlon Maska məxsus şirkətə fayda verə biləcəyi bildirilir.
Etik hesabatlarda Trampın “Meta” şirkətinin səhmlərinə 25 milyon dollaradək, “Microsoft” səhmlərinə isə 6 milyon dollaradək vəsait yatırdığı da qeyd olunur. Bu alışların Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə görüşündən bir neçə həftə əvvəl baş verdiyi bildirilir.
Ağ Ev mümkün maraqlar toqquşması ilə bağlı iddiaları rədd edib. Rəsmi açıqlamada Trampın investisiyalarının müstəqil şəkildə idarə olunduğu, nə onun, nə də ailəsinin səhm alqı-satqısı ilə bağlı qərarlara nəzarət etmədiyi vurğulanıb.
10:53 09.10.2026
Oxunuş sayı: 198