ABŞ ilə Avropa ticarət razılığı əldə etdi: İnsanların rifahına necə təsir edəcək?- Dollara inam azalıb

“Dünya iqtisadiyyatı və Azərbaycan”( Layihənin müəllifi Rüfət Quliyevdir)
ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Şotlandiyada görüşərək ticarət sazişi imzalayıblar. Tramp Aİ-dən idxala 15% rüsum tətbiq ediləcəyini, qarşılıqlı olaraq Aİ-nin ABŞ-dən 150 milyard dollarlıq hərbi texnika və enerji alacağını bildirib. Saziş çərçivəsində ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyulacağı gözlənilir.
Trampın Avropa ilə imzaladığı yeni ticarət sazişi ABŞ üçün iqtisadi və strateji baxımdan əhəmiyyətli görünür. Rüsum artımı Aİ-yə təzyiq vasitəsi olsa da, qarşılıqlı investisiyalar tərəflər arasında əməkdaşlığın davam edəcəyini göstərir. Bu, həm də ABŞ-ın Avropadakı iqtisadi mövqeyini gücləndirə bilər.
Mövzu ilə bağlı Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib.
O, ABŞ-nin qısa müddət ərzində olmasa da, iqtisadi problemlərlə üzləşəcəyini bildirib:
“İlk öncə qeyd etmək istərdim ki, Trampın belə həyəcanlı formada beynəlxalq ticarət əlaqələrinə müdaxilə etməsinin əsl səbəbi ABŞ-nin ümumi borcu 37 trilyon dollara çatması və aybaay artması ilə bağlıdır. Yəni bu, o deməkdir ki, ABŞ-nin ümumi borcu daxili məhsuldan ən azı 25% artıqdır. Bu da istənilən ölkə üçün müəyyən qədər problemlər yaradır. Düzdür, bu o demək deyil ki, ABŞ-nin iqtisadiyyatı çökəcək, yaxud da böyük problemlərlə üzləşəcək. Amma ən böyük problem odur ki, ABŞ öz valyutasını, dollarını beynəlxalq ticarətdə yüksək mövqedə qprumağa çalışır. 20-25 il bundan öncə dünya ticarətində bütün maliyyə transaksiyaların təxminən 72-73%-ində dolların istifadəsi idi. Son 20 il ərzində bu rəqəm 62%-ə və azalır. Bu o deməkdir ki, ABŞ dolları zəifliyib. Ona görə ki, ABŞ üçün dolların istifadəsi istər iqtisadi münasibətlərdə, istər maliyyə, istərsə də siyasi təsirində kifayət qədər təmin olunur. Təxminən bir neçə ay bundan öncə böyük bir problem başladı- ABŞ-nin dövlət istiqrazlarının alışı kifayət qədər azaldı. İstiqrazları dövlətlər, beynəlxalq mərkəzi banklar, xarici şirkətlər, böyük investorlar alırlar. Beynəlxalq maliyyə bazarında ABŞ-nin istiqrazlarının azalması dövlət üçün problem yaradır. Bu problem inflyasiyaya çox böyük təsir edir”.
O, iqtisadi böhran zamanı ABŞ dollarına inamın olmadığını söyləyib: “Bu ilin yarısında Çin bir neçə milyard dollarlıq istiqrazları satıb və onları qızıla çevirib. Təkcə Çin yox, bir neçə ölkə bu prosesi tətbiq etdi. Nəticədə qızılın qiyməti faciəvi şəkildə qalxdı. Bir çox mərkəzi banklar, dövlətlər, nəhəng şirkətlər artıq ABŞ dollarına maraq göstərmir. Çünki inam yoxdu. Ona görə də onların dəyərli kağızlarını satıb onu ya qızıla, ya kriptovalyuta, ya da başqa aktivlərə keçirirlər. Bu, gələcəkdə ABŞ üçün böyük təhlükə yarada bilər. Söhbət burada ondan getmir ki, önümüzdəki 20-30 il ərzində ABŞ iqtisadiyyatı çökəcək. Amma bu artıq ilkin zənglərdir. Bu zənglər ABŞ-nin maliyyə böhranına doğru irəlilədiyini bildirir. 2008-ci ildə böhran baş verdi. Onun səbəbləri kredit sisteminin çökməsi idi. Bu böhranların nəticəsində xalq üçün, dövlət üçün problemlər yaranır. Gələn il ABŞ-də Konqres seçkiləri keçiriləcək. Demokratların işi çətindir. Çünki onlara inam çox azalıb. Düzdür, ilk baxışdan bu, Trampa sərf edirmiş kimi görünür, amma siyasi isteblişment üçün əlverişli deyil. Çünki ölkədə sosial partlayışlara zəmin yaranır. Budur Trampın beynəlxalq və iqtisadi siyasəti. Düzdür, analitiklər qeyd ediblər ki, indiyədək ABŞ-də rüsumların qalxmağı nəticəsində xəzinəyə 45-50 dollar daxil olub. Bu hadisə bir tərəfdən müsbət hesab edilsə də, mənfi tərəfi də var- beynəlxalq maliyyə bazarlarında çaxnaşma yaranıb”.
Professor açıqlamasında ABŞ iqtisadiyyatının ən böyük probleminin borc olduğunu qeyd edib:
“Bu borcları qaytarmağa gələcəkdə ABŞ-nin heç cür imkanı olmayacaq. Son 10 ildə ABŞ yeni borclar alaraq, digər borclarının faizini ödəyir. Bu da böyük problemdir. Avropadan gələn mallara rüsum 30%-dən 15%-ə qədər azaldılıb. Şərt qoyulub ki, Avropa ABŞ iqtisadiyyatına 600 milyarda qədər investisiya qoyacaq. Avropa 700 milyardlıq məhsulu ABŞ-dən almalıdır. Bu mallara neft məhsulları, qaz məhsulları və s. daxildir. Avropa üçün ən təhlükəli məsələ dəmir və aliminium idi. Burada 50% rüsumu ABŞ məcbur etmişdi ki, yerində qalsın. Böyük müharibələr insanlar yoxsulluğa aparır: bu, ABŞ-də də belədir, Avropada da. Varlı insanlar əhalinin 0,001% -ni təşkil edir. Bu hal orta sinifin maliyyəsinə geniş həcmdə mənfi təsir edir. Avropa və ABŞ-də orta sinif siyasi sütun hesab olunur. Seçkilərdə onların səslərindən istənilən formada istifadə olunurdu”.
Müsahibimiz bildirib ki, gələcəkdə ABŞ ilə Avropa arasında gərginlik artacaq: “ABŞ artıq öz hesabına Ukraynaya silah verməyəcək. O silahın pulunu Avropa ödəyəcək. Bu isə ABŞ-də silah istehsalçıları üçün “yaşıl işıqdır”. Onlar öz məhsullarını istehsal edib, Avropaya satacaqlar. Sonda insanların rifahı kifayət qədər aşağı düşür. İnflyasiya indi əvvəlki dövrdən fərqlənir. Əvvəl 0,5-1% inflyasiyaya rast gələ bilərdiksə, indi bu rəqəm ən azı 3-3,5%-dir. Xeyli işsizlik problemləri yaranır. Bu gün Avropada yerli insanlar işləmək istəmirlər. Bunun üçün miqrasiya siyasəti həyata keçirilir. Avropada, xüsusən Skandinaviya ölkələrində işləyib- işləməməyindən asılı olmayaraq qeydiyyatdan keçib 1500-2000 avro müavinət ala bilərsən. O da, ola bilsin ki, illərlə çəksin. Amma işləsən, 2500-3000 avro qazanc əldə edə bilərsən. İnsanların çoxu düşünür ki, işləməyib pul alım, lakin burada inflyasiya məsələsi ön plana çıxır. Dünyada böyük dövlətlərin, böyük korporasiyaların, böyük qrupların siyasəti nəticəsində insanlar işsiz qalır. Hər gün böyük korporasiyalar 1000-1500-2000 adamı işdən xaric edir. Hətta belə bir nəhəng avto korporasiya “Stellantis”, son 6 ayda 6000-ə yaxın işçi işdən çıxarılıb. Bazar iqtisadiyyatında iki ən böyük problem var- İşsizlik və inflyasiya. Biri ilə mübarizə aparanda digəri artır, o biri ilə mübarizə aparanda bu biri artır. Hər ikisi də kifayət qədər sosial problemlərə gətirib çıxarır.
Avropa tam qərara gəlib ki, Rusiyanın qazından və neftindən imtina etsin. Təbii ki, bu, bir ilin içində olmayacaq. Rusiya üçün zərbə yaranacaq, çünki valyuta axınının qarşısı alınacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-dən gələn mayeləşdirilmiş qaz (SPG) 2,5 dəfə təbii qazdan bahadır. Həmçinin onlara cihazlar lazımdır ki, onu təbii qaza çevirsinlər.
İstər Avropada, istər ABŞ-də qiymətlər qiymətlər qalxacaq.
Bugünkü iqtisadi vəziyyət budur. Ən qorxulu hallardan biri hərbi xərclərin nəzarətsiz formada artmasıdır. Bunun insanlara, xalqa, cəmiyyətə heç bir xeyri yoxdur. Təsəvvür edin ki, pulu yandırırlar. Heç kimin bu məsələdə mənfəəti yoxdur. AVŞ Avropanın hərbi xərclərini artırmağa davam edir. Son 30-40 ildə əgər ABŞ tam Avropanın arxasında dururdusa, bu gün bundan imtina edib. Vəziyyətin yaxşılaşması üçün hərbi xərclərin 5%-ə qədər qaldırılmasını təklif edib. Bu rəqəm hər zaman 1-1,5% olub”.
R.Quliyev büdcəyə daxil olan pulların hara getməli olduğunu açıqlayıb:
“Bütün bu baş verən artımlar büdcəyə gedir. Büdcəyə gedən pul yenə hərbi xərclərə sərfolunur. İnsana heç nə qalmır. Yalnız qiymətlər artır. Büdcəyə gedən pul hara gedir... Vəsait büdcəyə gedirsə sosial problemlərin həllinı, maaşların artımına yönəlməlidir. Buna Əhəmiyyət verməyərək hərbi xərcləri artırırlar. Burada qazanan hərbi istehsalçılardır. Cəmiyyət nə isə udmur”.
Nicat Rüstəmzadə
18:44 28.07.2025
Oxunuş sayı: 2290
