Gələcəyin nəsli: Alfa

Son illər dünyada nəsillər arasındakı fərqlər, onların dəyərləri, texnologiyaya münasibətləri, davranış modelləri geniş şəkildə müzakirə olunur. İndi isə mütəxəssislər yeni bir nəsildən – Alfa nəslindən danışmağa başlayıblar. 2010-cu ildən sonra doğulan bu uşaqlar artıq dünyanı formalaşdıracaq gələcək nəslin nümayəndələri sayılır.
Alfalar əvvəlki nəsillərdən fərqli olaraq texnologiya ilə doğulublar, demək olar ki, ilk gündən rəqəmsal aləmlə təmasda olublar. Onlar üçün planşet, smartfon, süni intellekt alətləri adi və gündəlik həyatın bir parçasıdır. Bu nəsil haqqında düşünəndə istər-istəməz belə bir sual ortaya çıxır: Onlar bizi necə bir gələcəyə aparacaqlar?
Eyni zamanda nəzərə almaq lazımdır ki, bu “nəsillər nəzəriyyəsi” birmənalı qarşılanmır. Bəziləri bunu müəyyən davranış və həyat tərzi fərqliliklərini anlamaq üçün faydalı görsə də, elmi mühitdə bu yanaşmaya qarşı ciddi tənqidlər də var. Amma bir həqiqət dəyişmir: dünyada hər yeni nəsil özündən əvvəlkilərdən fərqli olaraq yetişir və öz izini buraxır. Alfalar da elə bir nəsildir.
Mövzu ilə bağlı Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev öz “Facebook” sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Crossmedia.az paylaşımı oxucularına təqdim edir:
“Nəsillər nəzəriyyəsi ilə bağlı maraqlı bir məqaləyə rast gəldim.
Sən demə, Qərbdə populyar olan bu nəzəriyyəyə görə, bumerlər (İkinci Dünya müharibəsindən sonra doğulanlar), ikserlər (X nəsli – keçən əsrin 70-ci illərinin gəncləri), milleniallar (Y nəsli – keçən minilliyin sonunda anadan olanlar) və zumerlərdən (Z nəsli – XXI yüzilliyin başlarında anadan olanlar) sonra indi də meydana yeni gənclər nəsli – 2010-2025-ci ildə anadan olan Alfa nəsli meydana çıxır.
Bu başdan deyim ki, daha çox amerikalı Vilyam Ştraus (William Strauss) və Neyl Hou (Neil Howe) kimi müəlliflərin əsərlərində işlənmiş bu “nəsillər nəzəriyyəsi” (generational theory) bu gün elmi ictimaiyyət tərəfindən birmənalı qəbul edilmir və bir çoxları tərəfindən tənqidə məruz qalır. Ona görə, bu qəbildən araştırma və proqnozlara da müəyyən mənada tənqidi yanaşmaq lazımdır.
Beləliklə, ALFA nəslinə aid yeniyetmələrin ən yaşlıları bu gün 15 yaşındadırlar.
Məqalədə deyilənə görə, bu gün bu nəslin nümayəndələrinin ümumi sayı 2 milyard nəfəri keçib və dünya əhalisinin demək olar ki, dörddə birini təşkil edib.
- Alfaların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar sosial şəbəkələr və rəqəmsal dünya mühitində anadan olduqlarından bu mühit artıq onlar üçün doğmadır. Ona görə bu mühitə uyğunlaşmaq ehtiyacı duymurlar. Rəqəmsal texnologiyalar onların həyatının və kimliyinin ayrılmaz hissəsidir. Bu yaşda olan uşaqların əksəriyyəti hər gün videolara baxır və video oyunlar oynayır. Uşaq bağçalarında və məktəblərdə Alfalar ekran vasitəsilə dünya ilə getdikcə daha çox əlaqə qurur: təhsil planşetləri, virtual reallıq eynəkləri və interaktiv lövhələr.
- Valideynlər bu nəslə əhəmiyyətli dərəcədə təsir göstərir. Bütün dünyada doğum nisbəti azalmağa davam edir, ona görə də çox hallarda Alfalar ailələrdə tək uşaq olurlar. Və bu səbəbdən valideynlər onlara daha çox diqqət və qayğı göstərir. Məsələn, Böyük Britaniyada bundan öncə milleniumlara 9 yaşından təkbaşına bayıra çıxmağa icazə verilirdisə, bu gün Alfalara ancaq 11 yaşından sonra nisbi sərbəstlik verilir.
- Gələcəkdə Alfalar, çox güman ki, iqlim dəyişikliyinin mənfi təsirlərini tam şəkildə yaşayacaq və bu mənfi dəyişikliklərlə ciddi mübarizə aparan ilk nəsil olacaq. Belə ki, 2020-ci ildə doğulanlar 1960-cı ildə doğulanlara nisbətən 7 dəfə çox ekstremal hava hadisələri ilə üzləşirlər.
- Alfa nəslinin nümayəndələri daha böyük sosial bərabərsizliyin hökm sürdüyü bir dünyada yaşamalı olacaq və yaşlı əhalini dəstəkləmək yükünü çəkəcəklər. Dünya əhalisinin ən zəngin 10%-nin gəlirləri ən yoxsul 50%-nin gəlirlərindən daha sürətlə artır - və 2030-cu ilə qədər 65 yaşdan yuxarı insanların sayı 18 yaşdan aşağı olanlardan daha çox olacaq.
Eyni zamanda, hesab olunur ki, Alfa nəslinin əsas xüsusiyyətləri bunlardır:
- Onlar tarixin ən savadlı və texnoloji cəhətdən ən inkişaf etmiş nəsli olacaqlar.
- Onlar yüksək dərəcədə dözümlülük və tolerantlıq nümayiş etdirəcəklər.
- İqlim gündəmi onlar üçün əvvəlki nəsillərə nisbətən daha vacib olacaq: yeniyetmələrin 46%-i artıq bu mövzu ilə maraqlanır.
- Onların arasında daha çox vegetarian mətbəxə üstünlük verənlər (veqanlar) çox olacaq.
- Valideynlərin həddindən artıq qayğısı və diqqəti onları xeyli dərəcədə eqoist edəcək.
- Onlar diqqətlərini uzun müddət bir mövzu üzərində cəmləşdirməyə çətinlik çekəcəklər. Ona görə, qısa formalı məzmuna üstünlük verəcəklər.
- Ancaq onlar müxtəlif problemləri həll etməkdə daha məharətli olacaqlar, bir neçə işi eyni anda yerinə yetirə biləcək və tez düşünməyi öyrənəcəklər.
- Onlar süni intellektin köməyi ilə ən önəmsizsiz işləri belə həll edəcəklər.
- Onlar özlərindən öncəki nəsillərə nisbətən daha erkən yeniyetməlik dövrünə qədəm qoyacaqlar, ancaq daha gec müstəqil yaşamağa (30 yaşdan sonra) və hətta gec evlənməyə başlayacaqlar. Ancaq, daha sonrakı yaşa qədər - təxminən 70 yaşa qədər işləyəcəklər.
- Onlar ofis işindən çox sərbəst işləməyə və ya öz bizneslərinə üstünlük verəcəklər.
- Onlar tez-tez yaşayış və iş yerlərini dəyişəcək, əsasən, şəhərətrafı ərazilərdə deyil, şəhərlərdə məskunlaşacaqlar.
- Qida çeşidliliyinin genişlənməsi, qidada şəkərin bolluğu və oturaq həyat tərzi səbəbindən onların sağlamlığında problemlər çoxalacaq, məsələn, müxtəlif növ allergiya və artıq çəkidən daha çox əziyyət çəkəkəcəklər. Eyni zamanda, Alfalar psixi və fiziki sağlamlıqlarına daha çox diqqət yetirəcəklər”.
Nicat Rüstəmzadə
11:39 27.07.2025
Oxunuş sayı: 1168