Bu gün Milli Qəhrəman adı alan baş leytenanat kimdir?
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Vaqif Qurbanov kimdir?
Milli Qəhrəmanın dosyesini təqdim edirik:
Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi MDB Hərbi Hava Qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan Su-25 təyyarəsini qaçırması ilə yadda qalıb. Hadisə 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant V.Qurbanov Su-25 təyyarəsini qaçıraraq Azərbaycan Hərbi Hava Qüvvələrinə gətirib.
Hadisədən dərhal sonra Su-25 təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, istəyinə nail olmayıb.
9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş edib.
12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib.
Qurbanov həmçinin Xocavənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib.
13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirib. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Əsgəran yaxınlığında "Şilka" deyilən qurğu ilə vurulub. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilib, lakin düşmən onu yerdən atəşlə vurub. Onun paraşütü düşmənin nəzarət etdiyi əraziyə düşüb.
Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılanıb. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirib.
Vaqif Qurbanovun yaralı halda ermənilərin əlinəkeçdiyi barədə müxtəlif xəbərlər yayılıb. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsi Vaqif Qurbanovla bağlı araşdırma aparılıb. Amma araşdırmalar nəticə verməyib.
1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə V.Qurbanov ölmüş elan edilib.
7 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra Vaqif Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (modern.az)
18:30 07.11.2025
Oxunuş sayı: 2101