Srebrenitsa soyqırımı


1995-ci ilin iyulun 11-də baş vermiş Srebrenitsa soyqırımı Avropada İkinci Dünya Müharibəsindən sonra törədilən ən böyük kütləvi qırğın olaraq tarixə düşüb. Bosniya müharibəsi çərçivəsində Serb silahlı qüvvələri tərəfindən həyata keçirilən bu vəhşilikdə 8300-dən çox bosniyalı müsəlman kişi və oğlan uşağı amansızcasına qətlə yetirilib.
1993-cü ilin may ayında yaradılmış keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) Srebrenitsadakı qətlləri və bosniak mülki əhalinin kütləvi şəkildə qovulmasını soyqırımı kimi qiymətləndirib. Tribunal əsas məsuliyyəti Bosniya Serb ordusunun yüksək rütbəli zabitlərinin üzərinə qoyub. BMT və onun Qərb tərəfdaşları da Srebrenitsada qadın, kişi və uşaqları qorumaqda uğursuz olduqlarına görə məsuliyyətin bir hissəsini qəbul ediblər. 1999-cu ildə BMT baş katibi Kofi Annan daxili hesabatında qeyd edib: “Səhv, yanlış qərar və qarşıdakı şərin miqyasını dərk edə bilməməyimiz səbəbindən Srebrenitsadakı insanları (Bosniya) Serb kütləvi qətl kampaniyasından xilas etmək üçün öz rolumuzu yerinə yetirə bilmədik”. Serbiya hüquqi baxımdan soyqırımı törətmiş ölkə kimi tanınmasa da, 2010-cu ildə Serbiya Milli Məclisi qətllərin qarşısını almaqda uğursuzluğuna görə üzr istəyib.
1992-ci ildən etibarən Bosniya Serb qüvvələri Srebrenitsanı hədəf alaraq Şərqi Bosniyada bir ərazi blokunu ələ keçirməyə çalışırdılar. Məqsəd bu ərazini qonşu Serbiya Respublikasına birləşdirmək idi (Serbiya və Monteneqro Yuqoslaviya federasiyasının qalıqları sayılırdı). Bu məqsədə çatmaq üçün ərazidəki bosniak əhalisinin qovulması zəruri hesab olunurdu. 1995-ci ilin martında özünü müstəqil elan etmiş Srpska Respublikasının prezidenti Radovan Karaciç ordusuna Srebrenitsa sakinləri üçün “yaşamaq üçün heç bir ümid olmayan vəziyyət” yaratmağı əmr edir. May ayında isə Bosniya Serb əsgərləri ərzaq və digər zəruri mallara embarqo tətbiq edir ki, bu da şəhərdəki bosniak döyüşçülərin əksəriyyətinin bölgəni tərk etməsinə səbəb olur. İyun ayının sonunda qalan az sayda bosniak döyüşçülərlə toqquşmalardan sonra Bosniya Serb hərbi komandanlığı “Krivaya 95” kod adlı əməliyyatı rəsmi olaraq başladır. Bu əməliyyatın nəticəsində soyqırım baş verir.
Əməliyyat 1995-ci il iyulun 6-da Bosniya Serb qüvvələrinin cənubdan irəliləməsi və bosniak evlərini yandırması ilə başlayıb. Minlərlə mülki şəxs Srebrenitsanı tərk edərək yaxınlıqdakı Potoçari kəndinə qaçıb. Burada təxminən 200 hollandiyalı sülhməramlı yerləşmişdi. Bəziləri təslim olub, digərləri geri çəkilsə də, heç biri irəliləyən Bosniya Serb qüvvələrinə atəş açmayıb. İyulun 11-də Bosniya Serb hərbi lideri Ratko Mladiç Srebrenitsada gəzərək Serb jurnalist tərəfindən lentə alınmış bəyanatında deyib: “Bu şəhəri Serb millətinə veririk… Müsəlmanlardan intiqam almağın vaxtı çatıb.”
Həmin gecə — iyulun 11-də 10 mindən çox bosniak kişi Srebrenitsanı tərk edərək meşəlik ərazidən keçməklə təhlükəsiz bölgəyə çatmağa çalışıb. Ertəsi gün Bosniya Serb zabitləri BMT-nin avadanlıqlarından istifadə edərək təhlükəsizlik vədi veriblər. Nəticədə minlərlə insan təslim olub və ya tutulub, sonra isə edam edilib. Digər bosniaklar Potoçaridən zorla çıxarılıb, bu zaman fərdi qətllər və təcavüz hadisələri baş verib. Qadınlar, uşaqlar və yaşlılar avtobuslarla bosniakların nəzarətində olan ərazilərə aparılıb.
İyulun 13-dən başlayaraq Srebrenitsanın şimalında — Drina çayı boyunca yerləşən 55 kilometrlik ərazidə kütləvi edamlar həyata keçirilib. Edam yerləri arasında Bratunacda futbol meydançası, Vlasenitsa və Nova Kasaba yaxınlığındakı çəmənliklər, Kravica anbarı, Karakay fabrikası, Orahovac məktəbi, Cerska vadisindəki torpaq yol və Pilica mədəniyyət mərkəzi vardı. Edamlar iyulun 16-na qədər davam edib. Branjevo kəndindəki dövlət fermasında yüzlərlə insan güllələnib. Serbiyadan olan polis dəstəsi altı bosniakın edamı zamanı videoya çəkilib. Qurbanların əlləri və ayaqları bağlanmış, bədənlərində isə işgəncə izləri görünmüşdü.
Qətlə yetirilən kişi və oğlanların dəqiq sayı əvvəllər mübahisəli olub. Srpska Respublikası hökuməti 2004-cü ildə “nəhəng cinayətlər” üçün üzr istəyib və 7800 nəfərin öldürüldüyünü qəbul edib. KYBCT isə bu rəqəmi 8000-dən çox olaraq göstərib.
Qurbanların məzarlarının tapılması və şəxsiyyətlərinin müəyyən edilməsi prosesi Bosniya Serb qüvvələrinin cinayət izlərini gizlətmək üçün həyata keçirdikləri planlı fəaliyyətlərlə çətinləşib. ABŞ kəşfiyyat mütəxəssisləri peyk görüntülərindən istifadə edərək bu yerləri müəyyən edib. Qərb alimləri torpaq və toxuma nümunələri, güllə gilizləri, polen və geyim parçalarının müqayisəsi ilə qətllərin harada baş verdiyini və cəsədlərin necə köçürüldüyünü müəyyənləşdiriblər. 2023-cü ilə qədər İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya 7000-dən çox qurbanı DNT analizləri ilə müəyyən etmişdi.
2001-ci ildə Bosniya Serb korpusunun Srebrenitsa bölgəsinə cavabdeh komandiri Radislav Krstiç soyqırımı və qətldə iştirakına görə uzunmüddətli həbs cəzası alıb. 2003-cü ildə isə Bosniya Serb kəşfiyyat zabiti Momir Nikoliç insanlığa qarşı cinayətlərə görə günahını etiraf edib və o da uzunmüddətli həbs cəzasına məhkum olunub. 2005-ci ildə Bosniya Serb hökumətinin rəsmi hesabatında 19 473 Bosniya Serbinin qətllərdə iştirak etdiyi bildirilib. BMT-nin cinayət məhkəməsində 20-dən çox şəxs ittiham olunub.
Srebrenitsa faciəsi XX əsrin sonlarında insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biridir. Dayton Sülh Sazişi və onun nəticəsində formalaşan institusional strukturlar, hər nə qədər münaqişəyə son qoysa da, regionda etnik və siyasi gərginliyin tam həllinə nail ola bilməyib.
Nəzrin Salmanova
10:12 12.07.2025
Oxunuş sayı: 1018