Rusiyanın Ukraynaya hava hücumu zamanı Azərbaycan səfirliyinin yaxınlığında dron partladı


2025-ci il iyulun 10-na keçən gecə Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın bu ölkədəki səfirliyinin yaxınlığına düşüb.
Crossmedia.az AZƏRTAC-ın məlumata istinadən bildirir ki, hadisə nəticəsində səfirliyin yaxınlığında yerləşən avtodayanacaqda 20-dən çox avtomobil yanaraq yararsız hala düşüb, səfirliyin binasına və diplomatik heyətə zərər dəyməyib.
Rusiya ordusunun bu hücumu nəticəsində Kiyevdə azı iki dinc sakin həlak olub, 20-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə Ukrayna ərazisinə – əsasən də Kiyevə – qarşı 400-dən çox dron, 18 ballistik və müxtəlif tipli raketlər buraxılıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri bu hücumun qarşısını qismən almağa çalışsalar da, bir çox yaşayış və infrastruktur obyektlərinə ziyan dəyib.
Qeyd edək ki, son zamanlar Rusiya tərəfindən Ukraynanın müxtəlif şəhərlərinə qarşı hava hücumlarının intensivləşməsi beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Azərbaycanın Ukraynadakı diplomatik missiyasına yaxın ərazidə belə bir təhlükəli insidentin baş verməsi, münaqişənin regional və diplomatik təhlükəsizlik ölçülərini bir daha gündəmə gətirib.
Fidan Qarayeva
15:58 10.07.2025
Oxunuş sayı: 710