Peskov Azərbaycanla bağlı mühüm açıqlama verdi: Rusiya geri çəkilir?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq olaraq qalmalıdırlar.
O qeyd edib ki, yaranan bütün problemlər konstruktiv şəkildə həll edilməlidir.
"Biz əvvəlki kimi tərəfdarıq və hesab edirik ki, məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlərdir və belə də qalmalıdır", - D.Peskov bildirib.
O həmçinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş Prokuroru İqor Krasnovun Azərbaycanın Baş prokuroru ilə əlaqələrini də xatırladıb.
Tərəflər arasında yaşanan son gərginlikdən sonra Peskovun bu açıqlaması diqqət çəkir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Kreml sözçüsünün səsləndirdiyi son fikirlər fonunda Bakı- Moskva əlaqələrindən danışıb: "Bir neçə gündür davam edən Rusiya-Azərbaycan münasibətlərindəkı gərginliyin yaranmasında, sözsüz ki, Azərbaycan deyil, Rusiyanın rolu var. Gərginlik artıq bir neçə gündür yumşalmağa doğru gedir. Peskovun verdiyi "Azərbaycan və Rusiya ən yaxın tərəfdaş və müttəfiq olaraq qalmalıdır" fikri də onu göstərir ki, Rusiya tərəfindən atılan addımlardan düzgün nəticə çıxarmaq və geri addım atmaq deməkdir. Azərbaycan bütün dövlətlərlə xüsusilə də qonşu dövlətlərlə etibarlı tərəfdaş, dost kimi münasibət qurur. Azərbaycancan və Rusiya arasındakı "Moskva" bəyannaməsinin bütün prinsiplərinə də Bakı sadiqliyini nümayiş etdirib. Amma Rusiyadakı ermənipərəst qüvvələr bizim bu dövlətlə münasibətlərimizin pisləşməsində maraqlıdır. Bu baxımdan Peskovun səsləndirdiyi fikirlər müsbət qiymətləndirilməlidir".
Deputat xatırladıb ki, Azərbaycan bu günə qədər Avropa İttifaqına (Aİ) üzv olan 10-dan çox ölkə ilə tərəfdaşlıq bəyənnaməsi imzalayıb: "İran münasibətlərində Azərbaycan hər zaman həssaslıqla və diqqətlə yanaşıb. Baxmayaraq ki, son aylarda bölgəmizdə çox ağır gərginlik hiss olunur. Lakin möhtərəm prezidentimiz bütün qonşu dövlətlərə həmişə xoş münasibət göstərib. Azərbaycan müstəqil dövlətdir".
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı necə güclü xalq olduğunu, ədalətsizliyə, haqsızlığa boyun əyməyəcəyini sübut etdi: "İkinci Qarabağ savaşında Azərbaycan xalqı öz gücünü bütün dünyaya bəyan etdi. Rusiyadakı ikitərəfli münasibətləri pozmaq istəyən qüvvələr düşünməməlidir ki, Azərbaycan əgər kiçik dövlətdirsə , onlar buranın daxili işlərinə qarışa bilər. Biz regionda qonşu dövlətlərik, uzun illər Rusiya ilə birgə yaşamışıq. Rusiya Azərbaycana nə qədər lazımdırsa , Azərbaycan da Rusiyaya o qədər, bəlkə də, daha çox lazımdır. Peskovun çıxışındakı bu fikri tezliklə iki qonşu ölkə arasında münasibətlərin nizama salınmasında böyük rola malik olacaq. Rusiyanın daxilində olan anti-qüvvələr isə, sözsüz ki, bu prosseslərə mane olmağa çalışırlar".
Müsahibimiz, həmçinin qeyd edib ki, Rusiya nümayəndə heyəti Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr üçün heyəti bu həftə Bakıya gələ bilər: "Rusiya gördü ki, Azərbaycanla süni gərginlik yaratmaqla heç nəyə nail olmaq mümkün deyil. Əksinə, yaxın qonşusu olan Azərbaycanı özündən uzaqlaşdırır. Ona görə də nümayəndə heyətinin Bakıya göndərilməsi məsələsini qərarlaşdırdığını düşünürəm. Azərbaycan müstəqil ölkədir və beynəlxalq siyasətini də müstəqil müəyyənləşdirir. Bu baxımdan ölkəmizlə təzyiq dilində yox, bərabərhüquqlu, qarşılıqlı hörmət və fayda əsasında danışlmalıdır. Rəsmi Bakı ədaləti, beynəlxalq hüququ və səmimi qonşuluq münasibətlərini dəstəkləyir. Ölkəmiz heç vaxt regionda, xüsusilə qonşularla gərginliyin yaranmasının tərəfdarı olmayıb. Biz eyni zamanda haqqımızı da tapdalamağa heç kimə imkan verməyəcəyik. Rusiya qonşumuzdur və biz ölkələrarası münasibətlərin həmişə ədalətli və normal qalmasının tərəfdarı olmuşuq".
Fatimə Məmmədova
13:29 08.07.2025
Oxunuş sayı: 1448