“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Afrika qitəsində iqtisadi təhlil və reytinqlər üzrə ixtisaslaşmış “The African Exponent” portalı infrastrukturun inkişafında əhəmiyyətli irəliləyiş əldə etmiş on Afrika ölkəsinin siyahısını dərc edib. Reytinqdə birinci yeri layihələrin tamamlanma göstəricisi 99 faizdən çox olan Seyşel adaları tutub. Ölkə turizm cəlbediciliyi və ilk növbədə dəniz infrastrukturuna və bərpa olunan enerji mənbələrinə sərmayələri dəstəkləyən balıqçılıq sektoru əsasında qurulmuş iqtisadiyyatı ilə tanınır.
İkinci yeri Misir, üçüncü yeri isə Liviya tutub. Siyasi çətinliklərə baxmayaraq, Liviya əvvəlki layihələri bərpa edib və beynəlxalq tərəfdaşlıqlar çərçivəsində yeni layihələrə start verib.
Siyahıya Şimali Afrika bölgəsindən beş ölkə – Mərakeş, Misir, Əlcəzair, Tunis və Liviya daxil olub ki, bu da həmin ölkələrdə şəhərsalma və strateji beynəlxalq əməkdaşlığın infrastrukturun inkişafına mühüm töhfə verdiyini göstərir.
Mərakeş Krallığı infrastrukturunun sürətli inkişafı üçün Çin və Cənubi Koreya kimi Asiya gücləri ilə tərəfdaşlıqdan faydalanan ən diqqətçəkən Afrika ölkələrindən biridir. Eyni zamanda, irimiqyaslı Mərakeş layihələri ölkənin xüsusilə dəniz nəqliyyatı, dəmir yolları və təmiz enerji sahəsində regional iqtisadi mərkəz kimi mövqeyini möhkəmləndirib. Hesabatda Mərakeşdə bir sıra iri layihələr, o cümlədən qitədə ilk dəfə beynəlxalq tərəfdaşlıq əsasında reallaşdırılmış Tanjer-Kasablanka sürət qatarı xətti qeyd olunub. Orta dənizdəki ən işlək və müasir limanlardan biri olan Tanjer Med sənaye liman kompleksi, eləcə də Uarzazatda və digər ərazilərdə yerləşən iri bərpa olunan enerji istehsalı zavodları da vurğulanıb.
Hesabatda qeyd olunur ki, «coğrafiya infrastrukturun inkişafında mühüm rol oynayır, çünki adalarda və ya Aralıq dənizi sahili boyunca yerləşən ölkələr daha əlverişli mövqeyə malikdirlər ki, bu da onların siyahıda daha yüksək mövqe tutmasına şərait yaradır».
«Yaxşı infrastruktur hər bir ölkənin tərəqqisinin əsas elementidir. İnsanlar adətən yollar, elektrik enerjisi, hava limanları və su kəmərlərinə baxaraq ölkənin inkişaf səviyyəsini müəyyən edirlər. Lakin infrastruktur həm də ölkənin maliyyə və resurslarını necə idarə etdiyini və vətəndaşlarını nə dərəcədə dəstəklədiyini əks etdirir», – deyə “The African Exponent” vurğulayır. (Azərtac)
07:24 08.07.2025
Oxunuş sayı: 1167