Abituriyent və tələbələrə xəbər var: İmtahan qaydaları dəyişəcək

Təhsil hər bir cəmiyyətin inkişafında aparıcı rol oynayan əsas dayaqlardan biridir. Zaman dəyişir, informasiya sürətlə yayılır, şagirdlərin və tələbələrin öyrənmə üsulları transformasiyaya uğrayır. Belə bir şəraitdə imtahan sisteminin sabit qalması nə dərəcədə doğrudur? Təhsil ictimaiyyəti arasında müzakirə olunan əsas məsələlərdən biri də məhz budur: imtahan qaydaları dəyişməlidirmi?
Bu sualla bağlı təhsil üzrə ekspert Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib. Onun fikrincə, hazırkı imtahan formatında ciddi dəyişikliklərə ehtiyac var: "Tələb edirik ki, imtahanların yeni modelə keçirilməsi təmin edilsin. Bu, həm abituriyentlərin dərs yükünü azaldar, həm də nəticələrin daha çevik və şəffaf elan olunmasını təmin edər. Düşünürəm ki, praktiki imtahan fənlərinin sayının azaldılması və minimum 3 əsas fənn əsasında qiymətləndirməyə keçid olunması yaxşı nəticə verə bilər. Bu, daha səmərəli və ədalətli sistemin qurulmasına xidmət edə bilər. Dəyişikliklər yalnız ali məktəblərə qəbul imtahanları ilə məhdudlaşmamalıdır. Ali və orta ixtisas təhsili müəssisələrində də imtahan sisteminin elektron formada təşkil olunmalıdır. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi bir dövrdə yazılı imtahanlara sadiq qalmaq artıq geridə qalmalıdır. Elektron imtahan sistemi həm texnoloji, həm də ekoloji baxımdan daha effektiv ola bilər. Kağız daşıyıcılardan az istifadə edilməsi bu istiqamətdə müsbət addım olardı. Nəzərə almaq lazımdır ki, elektron imtahanların nəticələri daha tez və obyektiv şəkildə elan olunur. Belə yanaşma insan amilindən doğan subyektivlikləri aradan qaldırar və nəticələrin dərhal tələbəyə təqdim olunması şəffaflığı artırar".
Ekspert qeyd edib ki, yazılı işlərin yoxlanılması zamanı xüsusilə situasiya tipli və açıq suallarda texniki və subyektiv səhvlər qaçılmaz olur. Bu isə həm ali, həm də orta ixtisas təhsil müəssisələrində tez-tez rast gəlinən bir problemdir: "Yaxın 5 il ərzində daha çevik, texnoloji və əlçatan bir imtahan modelinin tətbiq olunacağına ümid edirəm. Hazırda respublikada fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsi və onlarla orta ixtisas təhsili müəssisəsində artıq elektron imtahanlara keçidin vaxtı çatıb. Bu model bütün təhsil pillələri üçün əlverişli olacaq. Müasir dövrün çağırışları fonunda görünür ki, təhsildə islahatlar qaçılmazdır. Ənənəvi imtahan modelinin texnoloji imkanlarla əvəzlənməsi, sadəcə bir texniki dəyişiklik deyil, həm də ədalətli, şəffaf və innovativ təhsil sisteminə doğru atılmış mühüm addımdır".
Mehriban Yariyeva
13:28 07.07.2025
Oxunuş sayı: 1281