“Böyük dövlətlər geosiyasi böhranı dərinləşdirir” - Deputat

Prezident İlham Əliyev Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dünyada “yeni dünya nizamına keçid” prosesinin müşahidə olunduğunu xüsusi vurğulayıb. Qlobal miqyasda baş verən geosiyasi silkələnmələr, regional güc balansının dəyişməsi və beynəlxalq münasibətlər sistemində müşahidə olunan yenilənmələr dünya düzəninin köklü şəkildə transformasiyaya uğradığını göstərir. Bu keçid prosesi yalnız aparıcı dövlətlərin deyil, eyni zamanda yüksələn regional güclərin də daxili və xarici siyasətinə bilavasitə təsir edir. Yeni sistemin formalaşması yolunda dövlətlər öz milli maraqlarını qorumaqla yanaşı, çevik və məqsədyönlü strategiyalar vasitəsilə dəyişən reallıqlara uyğunlaşmağa çalışırlar. Bəs bu mürəkkəb və çoxşaxəli keçid prosesi Azərbaycanın geosiyasi mövqeyinə, milli maraqlarına və gələcək inkişaf strategiyasına hansı formada təsir göstərə bilər?
Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Crossmedia.az-a açıqlama verib:
“Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edibki, “Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”. Əslində yeni dünya nizamı ifadəsinin formalaşması, soyuq müharibənin bitməsiylə və yeni dünya nizamının elan edilməsiylə formalaşan bu nizamın pozulmasıyla yarandı. Artıq bir neçə ildir ki, dünya nizamının böhran vəziyyətindən bəhs edilir. Son dövrlərdə yeni dünya nizamı ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Hazırda beynəlxalq münasibətlər sistemi bütövlükdə tənəzzüldədir. Geosiyasi ziddiyyətlər daha da kəskinləşir. Böyük dövlətlərin konstruktiv qarşılıqlı əlaqədə olmaq şansları getdikcə azalır. Bu, ənənəvi təhlükələrə yeni təhdidlərin əlavə olunması fonunda baş verir. Kiberməkandakı qarşıdurmaya, terrorizmə, kütləvi qırğın silahlarına nəzarətin əldən çıxması ehtimalının artmasına, qanunsuz miqrasiyaya iqtisadi müharibələr də əlavə olunub”.
Deputat həmçinin qeyd edib:
“Dünyanın böyük dövlətləri mövcud geosiyasi böhrandan xilas yolu axtarmaq əvəzinə onu daha da dərinləşdirirlər. Problemin həll olunmaz tərəfi də elə məhz bununla bağlıdır. Bəzi səbəblərdən ənənəvi təhlükələrə yenilərini də əlavə edilir. Böyük dövlətlərin öz maraqlarını təmin etmək naminə ən təhlükəli addımları belə atdıqları mümkünləşir. Bu da beynəlxalq hüquq və münasibətlər sistemi qaydalarının tapdalanması hesabına baş verir. Məlumdurki, Yalta sistemi dağıdılıb, lakin onun yerində yeni heç nə qurulmayıb. Və bu gün dünya getdikcə daha sürətlə xaosa yuvarlanır ki, bu da yalnız ayrı-ayrı dövlətlərə və ya regionlara deyil, bütün beynəlxalq birliyə təhlükədir. Bu cür vəziyyətdən çıxış yolu, təbii ki, dialoqla bağlı ola bilər. Böyük dövlətlər səmimi dialoq aparmaqla mövcud vəziyyəti düzgün qiymətləndirib, birgə xilas yolu tapa bilərlər. Bu baxımdan, gərginləşən münasibətlərin açıq danışıqlar müstəvisinə gətirilməsi, ümumilikdə dünyanın xeyrinə olardı. Bu ideyanın praktiki reallaşması isə ayrıca problemdir. Əvvəlcə də qeyd etdiyim kimi, bu gün dünyada olduqca mürəkkəb proseslər getməkdədir. Faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Birqütüblü dünyanın “divarları” sökülməkdədir.Yeni dünya düzəninin “divarları”nın hörülməsi prosesi qarşıdurma və kataklizmlərlə müşayiət olunmaqdadır”.
Ayhan Ağarzayev
18:31 16.06.2025
Oxunuş sayı: 953