Daş kitabələrdə Tanrının ruhu

Çoxsaylı faktlar və iştirakçıların geniş xatirələri tarixi mənzərəni olduğu kimi cızmağa imkan verir...
Orxon çayının sol sahili boyunca, geniş vadi ilə 6 atlı və iki araba hərəkət edir. Hamısı yorğundu, daha atlar da başlarını dik tutmur az qala ayaqlarını çəkirlər. Günlərlə gəldikləri uzun yol adamları da haldan salıb. İkitəkərli arabanın birində müxtəlif əşyalar, ərzaq, yer qazmaq üçün alətlər, ikincisində isə orta yaşlı kişi xəstə halda dirsəklənib təbiəti, ətraf aləmi müşahidə edir. Bu tanınmış arxeoloq, etnoqraf Nikolay Yadrintsevdir. Uzaq Monqolustanda o əvvəllər də olub, özü də bir neçə dəfə. İndi isə buralara dostu - məhşur geoqraf Qriqoriy Potaninlə uzun, ətraflı müzakirələrdən sonra üz tutub. Potanin Çinqizxan imperiyasının paytaxtı Karakorum şəhərinin qalıqlarının olduğu ərazini təxmin etmiş və bunu N.Yadrintsevlə bölüşmüşdür. N.Yadrintsev qədim şəhəri tapmağa qərar vermişdir. İndiyədək arxeoloqların çoxları bu fikrə düşmüşdürlər, amma heç biri hələlik uğur qazanmamışdır.
Budur, qarşıda Q.Potanin danışdığı kimi Orxon çayına sağ tərəfdən kiçik bir qol qarışır və bu qovuşma boyuk qayalı yüksəkliyə dirənir. Deməli çatacaqları əraziyə çox az qalıb. N.Yadrintsev xəstələnsə də, ruhdan düşməmişdir.
O, belə çətinliklərə uşaqlıqdan alışmışdır. Cənubi Sibir ellərində anadan olmuş Nikolay Tomsk gimnaziyasında oxuduğu dövrdə atasını itirir və təhsilini başa vurmamış anası ilə birlikdə Sankt-Peterburqa köçür. Burada Sankt-Petrburq Universitetinin hüquq fakültəsinin dinləyicisi olur. Öz yerləliləri ilə toplaşıb Sibirin gələcəyini müzakirə edirlər, anası vəfat etdikdən sonra isə tək yaşayan Nikolayın evi toplantılar məskəninə çevrilir. Burada Sibir əhalisinə emosional bir inqilabi çağırış da hazırlanır. Bəlkə də Yadrintsev heç özü də bilməzdi ki, sonralar bu vərəq ona böyük başağrısı gətirəcək. Nikolay dostu Qriqoriy Potaninlə birlikdə Tomska qayıdır, bir müddətdən sonra Sankt-Peterburqda yerliləri ilə birlikdə “Sibirin müstəqilli cəmiyyəti” adından yazdıqları çağırışa görə keçmiş toplantılarda iştirak edənlərin 40 nəfəri həbs edilir. N.Yadrintsev Arxangelskə sürgün edilir və ağır düşərgə həyatı yaşayır.
Əfv edildikdən sonra paytaxtda jurnalist kimi fəaliyyət göstərir və sonralar Sibirə qayıdır. Qərbi-Sibir general-qubernatoru ilə təsadüfi görüş N.Yadrintsevin dadına çatır. Çar məmurunu Nikolayın Sibir Universiteti yaratmaq fikri, bölgənin inkişafına yönəlmiş mülahizələri heyran edir və onu dövlət işinə qəbul edir. Rus coqrafiya cəmiyyətinin üzvü seçilməklə N.Yadrintsev Sibir bölgəsinin etnoqrafiyasını, arxeologiyasını araşdıran ekspedisiyaların tərkibində çalışmağa imkan qazanır və inanılmaz uğurlar əldə edir...
İlan kimi qıvrılan Orxon çayının sol sahilində geniş sahədə köhnə uçuqlar, qədim tikinti qalıqları, dağılmış divarlar diqqəti cəlb edir. Yolçular dərindən nəfəs alaraq bu yerə üz tuturlar. İlk olaraq onların diqqətini torpaq və otla örtülmüş hündür yer özünə çəkir. Böyük ehtimalla bu qurbangah hörgüsünün üstüdür. Elə buradan təxmini 25 metr üzunluğunda olan kərpiç hörgü başlayır, yarı uçuq, dağınıq vəziyyətdə. Ekspedisiya üzvləri kiçik fasilədən sonra işə başlayırlar. Hörgünün arxasında onlar 3 metr uzunluğu və bir metrdən artıq eni olan yıxılmış və ot çürüntüsünün altında qalmış mərmər daşı görürlər. Daşın üstünü açdıqca incə şəkildə işlənmiş barelyef və balıq pullarına bənzər işləmlər aşkar edilir. Mərmərin üzünü təmizlədikdən sonra Yadrintsevin qrupu tapıntıya heyran olur. Onların qarşısında hücumda olan ordunun təsviri canlanır. Amma heyif ki, bir neçə yerdən parçalanıb.
Ətrafda adam, heyvan heykəllərinin parçaları var. Bir neçə kilometr aralıda yonma daş sütünlar, hörgülər tapılır. Bu kimi qalıqlar ətrafda saysız-hesabsızdır. Aydındır! Burada böyük Çingizxan imperiyasının paytaxtı, vaxtilə çiçəklənən Karakorum şəhəri yerləşirmiş. N.Yadrintsev məqsədinə nail olmuşdur, artıq xəstəlik də yaddan çıxmışdır. Amma axtarışlardan əl çəkmirdi.
Buradan bir qədər aralıda olan monastır qalıqları ekspedisiya üzvlərini daha da həyacanlandırdı. Nəhəng şir, əjdaha və tısbağa görünüşündə olan mərmər daşların yanında parçalanmış, amma üzündə yazılı mətn olan kitabələr var. Yadrintsev və köməkçiləri yazılı mətnlərə xüsusi qayğı ilə yanaşdılar. Səliqə ilə təmizlədilər, təcrübəli arxeoloqun diqqətini o cəlb etdi ki, bu yazılardan ona uzaq ellərdə, Yenisey çayının sahillərində, hətta buradan 1000 kilometr uzaqlıqda rast gəlinib (hazırki Qazağıstan ərazisində və s.).
Günlərin necə keçdiyi hiss olunmur. Ərzaq bitmək üzrədir, vaxt daralır. Ekspedisiya üzvləri üzərində yazı olan daşların parçalarından bir hissəsini ehtiyatla ota büküb arabaya qoyurlar və geriyə dönməyə məcbur olurlar. Maraqlıdır ki, böyük arxeoloq N.Yadrintsev arabada gətirdikləri daş kitabələrin parçalarının nə dərəcədə böyük müzakirələrə səbəb olacağını heç özü də gözləmirdi.
Bu kimi daş kitabələr əvvəllər Yenisey çayı vadisində rus zabiti S.Remezov, sonralar isə isveçli F.Stralenberq tərəfindən aşkar edilmişdir. N.Yadrintsevin tapıntısı bu abidələrin yerləşmə arealını genişləndirmiş və artıq “Orxon-Yenisey” adını qazandırmışdır. Sonralar bəlli olmuşdur ki, Yadrintsevin üzə çıxardığı iki qəbirüstü daş kitabəsi möhtəşəm Şərqi-türk dövlətinin hökmdarı Bilgə xaqana və onun qardaşı Kültigin şahzadəyə aiddir.
Ekspediyadan qayıdan kimi, N.Yadrintsev Sankt-Peterburqda Rusiya coqrafiya Cəmiyyətində məruzə ilə çıxış etdi. Məruzənin çap olunması onu Avropa arxeoloqları arasında çox şörətləndirdi. 1890-cı ilin iyun ayında N.Yadrintsevi xüsusi şəkildə Parisə dəvət etdilər və arxeoloqlar ondan ekspedisiya haqqında geniş bilgi aldılar. Sonrakı araşdırmalar onun şöhrətini daha da artırmışdır.
Onun səliqəli şəkildə arabada gətirdiyi daş kitabələrin mətnini məhşur danimarkalı arxeoloq-linqvist Vilhelm Tomsen açıqlaya bilmişdir. O, uzun illər idi ki, qədim türk yazıları ilə məşğul olurdu, amma tam nəticə əldə edə bilməmişdir. Nəhayət, 1893-cü ildə Vilhelm Tomsen Danimarka Kral Akademiyasında geniş məruzə ilə çıxış edir və öz kəşfini elmi ictimaiyyətə təqdim edir. O, N.Yadrintsevin gətirdiyi daş kitabələrin mətninin bir hissəsini deşifrə etdiyini, qədim türk əlifbasının mühiyyətini, yazı üslubunu, sözlərin yazılış qaydasını, bəzilərinin mənasını da açıqladığını ortaya qoyur. V.Tomseni, elmi camiyyəni və müasir dövrdə bizləri də heyrətləndirən həm də odur ki, məşhur linqvistin bu qədim mətnlərdən oxuya bildiyi ilk söz, onun özünün gözləmədyi halda “tenqri” (“tanrı”,“ilahi qüvvə”, “yaradan”) olmuşdur. Təsadüfmü?...
Sabir Məmmədli
BDU Jurnalistika fakültəsinin professoru
10:02 09.06.2025
Oxunuş sayı: 1121