ABŞ mətbuatında soydaşımızın məqaləsi dərc olunub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) George Mason Universitetinin tələbəsi, universitetin Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin (Center for Security Policy Studies) redaktoru Əli Məmmədovun bu ölkənin mətbuatında məqaləsi işıq üzü görüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a bildirilib ki, müəllif “ABŞ-ın Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” (“Time to adjust the US approach to the South Caucasus”) adlı məqaləsində Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə yenidən baxmasının zəruriliyini vurğulayıb. O, bölgədə dəyişən güc balansını təhlil edərək ABŞ-ın regiona daha aktiv və məqsədyönlü yanaşmasının vacibliyini qeyd edib. Rusiya-Ukrayna müharibəsi fonunda bölgədə Rusiyanın təsirinin zəiflədiyini, İranın isə öz rolunu artırmağa çalışdığını bildirib. Bu şəraitdə ABŞ-ın iştirakının sabitliyə və strateji tarazlığa töhfə verə biləcəyini diqqətə çatdırıb.
Müəllif məqaləsində İkinci Qarabağ müharibəsi və onun nəticələrinə də toxunub. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türkiyənin dəstəyi və Rusiyanın passivliyinin regionda siyasi və təhlükəsizlik baxımından yeni vəziyyət yaratdığını bildirib. İranın isə Ermənistanla əlaqələrini gücləndirərək Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasına qarşı ehtiyatlı mövqe tutduğunu vurğulayıb.
Yazıda Ermənistan-Azərbaycan sülh prosesi region üçün çox mühüm fürsət kimi qiymətləndirilir. Qeyd edilir ki, ABŞ bu prosesi dəstəkləməklə yanaşı, Gürcüstan da daxil olmaqla üç ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini təşviq etməlidir. Bu yanaşmanın formal ittifaqlardan fərqli olaraq çevik diplomatiya və regional təşəbbüslərin dəstəklənməsi ilə həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.
Məqalədə, həmçinin ABŞ-ın Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı, enerji və nəqliyyat layihələrinə dəstəyi, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı üçün Cənubi Qafqazda Şərq-Qərb dəhlizlərinin əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, Vaşinqtonun formalaşmaqda olan yeni yanaşması – ikitərəfli əməkdaşlıq, infrastruktur əsaslı siyasət və enerji təhlükəsizliyinə fokuslanma həm regionun dayanıqlılığını gücləndirə, həm də ABŞ-ın strateji maraqlarını təmin edə bilər.
Qeyd edək ki, Əli Məmmədov 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin və 2024-cü ildə Amerika-Azərbaycan Gənclər Forumunun iştirakçısı olub.
14:23 29.05.2025
Oxunuş sayı: 960