Azərbaycanın Müstəqillik Günü Strasburqda qeyd olunub




“28 May – Müstəqillik Günü” münasibətilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində rəsmi ziyafət təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Avropa Şurasının rəsmiləri, diplomatik korpus və habelə yerli ictimaiyyətin nümayəndlərinin qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qonaqlar qarşısında çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov ilk əvvəl 107-ci il dönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin buraxdığı dərin tarixi iz barədə məlumat verib, bu kontekstdə, 20-ci əsrin əvvəllərindəki humanist və mütərəqqi prinsiplərdən ruhlanan Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi parlament respublikası qurduğunu xatırladıb və qadınlara seçki hüququnun tanınmasına ayrıca olaraq vurğu edib.
Səfir F.İsmayılov 107 il sonra müasir, çoxkonfessiyalı və multikultural bir dövlət olaraq Azərbaycanın gələcəyə böyük inamla baxdığını bəyan edib və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin edən və suverenliyini tam bərpa edən Azərbaycanın bundan sonra sülh şəraitində yaşamaq, müharibə və işğal nəticəsində viran qoyulan ərazilərini yenidən qurmaq, ölkəni daha da inkişaf etdirmək və xalqının rifafını gücləndirmək məramında olduğunu bildirib.
Zifayət çərçivəsində gənc və istedadlı azərbaycanlı pianoçu, hazırda Parisdə Qarniye Operasında çalışan Müşfiq Quliyev tərəfindən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.
Həmçinin tədbir boyu qonaqlara ölkəmizin füsunkar guşələri və tarixi məkanlarını əks etdirən video görüntülər nümayiş etdirilib.
22:15 28.05.2025
Oxunuş sayı: 1150