“Ali təhsil müəssisələri yeniliklərə açıq olmalıdır” - Ekspert

Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. İclasda magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi müzakirə olunub. Təqdim olunan sənədlər iştirakçıların səsverməsi ilə qəbul edilib.
Mövzunu Azərbaycan Gənc Alim, Doktorant, Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a şərh edib. O açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil sistemi əmək bazarının çağırışları ilə uzlaşdırılmalı və bu istiqamətdə davamlı yenilənmələr həyata keçirilməlidir.
İ.Orucovun sözlərinə görə, ali təhsil müəssisələri əmək bazarının tələblərindən irəli gələrək peşəkar kadr hazırlığı funksionallığını davam etdirməlidirlər. Ekspert bildirib ki, bu gün ali təhsilin qarşısında duran əsas vəzifə əmək bazarı üçün hazırlanan məzunların peşəkarlığını təmin etməkdir.
“Ali təhsil almaq istəyən hər bir insanın məqsədi var. Və bu məqsəd ondan ibarətdir ki, gələcəkdə aldığı ali təhsil üzrə əmək bazarında özünü reallaşdırsın” – deyə Orucov vurğulayıb.
O qeyd edib ki, dünyada bütün sahələrdə sürətli dəyişikliklər baş verir, bu isə ali təhsilin məzmununun yenilənməsini zəruri edir: “Artıq yeni ixtisaslar üzrə kadr hazırlanmalı, yaxud əvvəlki ənənəvi ixtisaslar üzrə hazırlıqda yeni məzmun təqdim olunmalıdır".
Ekspertin sözlərinə görə, bu dəyişikliklər yalnız texnoloji deyil, həm də iqtisadi münasibətlər sistemində baş verən transformasiyalarla bağlıdır. “Süni zəka, rəqəmsallaşma və qlobal səviyyəli çağırışlar təhsil sistemində böyük dəyişiklikləri qaçılmaz edir” – deyə İlqar Orucov qeyd edib.
Onun sözlərinə görə, artıq Elm və Təhsil Nazirliyi bu istiqamətdə konkret addımlar atıb. Nazirlikdə ali təhsil proqramlarının hazırlanması məqsədilə xüsusi komissiya yaradılıb. İ.Orucov bildirib ki, komissiyanın tərkibinə ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, əmək bazarı ilə əlaqəsi olan mütəxəssislər də cəlb olunub.
Ekspert əlavə edib ki, doqquz işçi qrupu formalaşdırılıb və hər birində Əlaqələndirmə İnstitutu fəaliyyət göstərir. Bu institutlar vasitəsilə beynəlxalq təcrübələr araşdırılır və yeni proqramlara uyğun məzmun modelləri hazırlanır.
İ.Orucovun fikrincə, sənədin qəbul olunması yalnız cari mərhələ üçün deyil, uzunmüddətli dövr üçün də önəmlidir: “Qəbul olunacaq sənəd yalnız yaxın perspektiv üçün yox, həm də uzun müddətli inkişaf üçün baza rolunu oynayacaq".
Ekspert vurğulayıb ki, ali məktəblər yeni yanaşmalara açıq olmalı və dəyişiklikləri vaxtında qəbul etməlidirlər. O qeyd edib ki, sənədlər mükəmməl hazırlandığı halda, həm məzmun, həm də metodoloji baxımdan ali təhsildə keyfiyyət yüksələcək.
İ.Orucov çıxışının sonunda bildirib ki, transdisiplinar və interdisiplinar yanaşmalar artıq dünya üzrə aparıcı meyillərdən biridir və bu, Azərbaycanın ali təhsil proqramlarında da öz əksini tapmalıdır.
Fatimə Nəbiyeva
17:58 23.05.2025
Oxunuş sayı: 952