Müdafiə Nazirliyində kompleks tədbirlər başlayıb: "Dövlət sirrinin yayılması..."

Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, il ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.
Tədbirlərdə "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək - kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.
Bu barədə Crossmedia.az-a hərbi ekspert Ədalət Verdiyev açıqlama verib. Azərbaycan ordusunda kibertəhlükəsizliyinin təmin olunması və dövlət sirrinin mühavizəsinin təşkilinə dair tədbirlərin keçirilməsi təqdirəlayiq haldır: "Bir çox halda biz dövlət sirrinin yayılması məsələlərinin məhz informasıya texnologiyaları sahəsində təhlükəsizliyin və digər zəruri fəaliyyətlərin həyata keçirilməməsi ilə əlaqədar olduğunu müşahidə edirik. İnternet texnologiyaları inkişaf etdikcə kibertəhlükəsizliy alətlərinin də inkişafı qaçınılmazdır və bu mövzularda çalışan şəxsi heyətin məlumatlandırılması onların məsələlərdə vahid baxış bucağının formalaşdırılması çox vacibdir. Dövlət sirri təşkil edən məlumatların oğurlanması, ələ keçirilməsi, elektron şəbəkələrə müdaxilə edilməsi və virusların sistemlərə yerləşdirilməsi kimi bir çox məsələlər artıq hər gün rastlaşdığımız adi hala çevrilib. Belə olan halda kibertəhlükəsizlik məsələlərinin önə çəkilməsi, bu barədə geniş tədbirlərin keçirilməsi çox vacibdir".
Hərbi ekspert vurğulayıb ki, müasir dövrdə kim daha çox informasiyaya malikdirsə və doğru bir şəkildə qoruya bilirsə, o da daha çox nailiyyət əldə edir: "Bu səbəbdən informasiyanın toplanılması, saxlanılması, emalı və adiyyatı üzrə ötürülməsi prosesləri mütləq təhlükəsiz bir şəkildə həyata keçirilməlidir. Bu təhlükəsizlik məsələsinə o cümlədən,bu məlumatların gizli saxlanılması mütləq təmin edilməlidir, əks halda çox qısa bir boşluq tapan xakerlər və yaxud da cəsus elementləri bu boşluqdan istifadə edərək eyni məlumatları adiyyatı dövlət qrumuna qarşı istifadə edə bilərlər".
Zümrüd Əsədova
13:24 13.05.2025
Oxunuş sayı: 1128