Kiyevdə Heydər Əliyevin 102-ci ildönümü qeyd olunub

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Ukraynanın paytaxtı Kiyevdə də qeyd edilib.
Crossmedia.az "Report" istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və GUAM-ın Baş Katibliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin əməkdaşları, diaspor fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Kiyevdə bir neçə ay əvvəl Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası da keçirilib.
Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasından öncə Azərbaycan və Ukraynanın dostluğunu tərənnüm edən xatirə lövhəsinin açılışı olub.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.
“Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, - deyə səfir bildirib.
S.Mərdəliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
16:43 10.05.2025
Oxunuş sayı: 600