Aktauda “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda konfrans keçirilib




Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Yessenov Universitetində Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə Crossmedia.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib.
Konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğu, “Azərbaycan Mərkəzi” İctimai Fondu və Yessenov Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Qazaxıstanın və Azərbaycanın görkəmli alimləri, ekspertlər, ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran və Türkmənistanın baş konsulları iştirak ediblər.
Yessenov Universitetinin rektoru Berik Axmetov açılış nitqində tolerant və ahəngdar cəmiyyətin formalaşmasında təhsilin rolunu vurğulayıb. O, həmçinin universitetinin beynəlxalq əməkdaşlığa hər zaman açıq olduğunu və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini söyləyib.
Daha sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edib. Baş konsul müasir dünyada ortaq nöqtələr tapmağın və qarşılıqlı anlaşma körpüləri qurmağın vacibliyini diqqətə çatdırıb.
Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Elmira Jangojayeva və kafedranın professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzələrində konstitusiya hüququ və mədəniyyətlərarası ünsiyyətin müxtəlif aspektlərinə toxunublar.
“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov yekun nitqində tədbir iştirakçılarına səmərəli müzakirələrə görə təşəkkürünü bildirib. Konfransın nəticələrinin mədəniyyətlərarası dialoqun inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda iştirakçılara sertifikatlar, təşkilatçılara isə təşəkkürnamələr təqdim olunub.
12:39 06.05.2025
Oxunuş sayı: 708