"Hazırda türk dövlətləri bir çox sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atır və təhsil də bu istiqamətlərdən biridir"

Bunu AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən Özbəkistan universitetlərinin təhsil sərgisi çərçivəsində çıxış edən millət vəkili Ceyhun Məmmədov, Crossmedia.az saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, keçirilən sərgi Azərbaycanlı tələbələrin Özbəkistan universitetlərinə marağını artıracaq:
"Bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Biz bilirik ki, bu gün türk dövlətləri öz əməkdaşlıqlarını gücləndirmək üçün addımlar atırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rolunu qeyd etməliyik. Bu gün məhz onların liderliyi ilə türk dövlətləri arasında əməkdaşlıq güclənməkdədir. Bu əməkdaşlıq müxtəlif sahələri və istiqamətləri əhatə edir. Bu sahələr arasında ən önəmlilərindən biri də təhsildir.Bu gün həm ölkəmizdən, həm də Orta Asiya respublikalarından xaricdə təhsil almağa gedənlər var. Biz istəyirik ki, ölkələrimiz arasında da təhsil mübadiləsi güclənsin. Yəni özbəkistanlı tələbələr Azərbaycanda, bizim tələbələr isə Özbəkistanda təhsil alsınlar. Ümumilikdə isə bu cür əməkdaşlıq və tərəfdaşlıq münasibətləri gücləndirəcək və qarşılıqlı fayda verəcəkdir.
Biz həmişə çalışırıq xaricə gedək, xaricdə təhsil alaq. Hesab edirəm ki, bu sərgi Azərbaycanlı tələbələrin həmin Özbəkistan universitetləri haqqında geniş bilgi əldə etməsinə öz töhfəsini verəcək. Özbəkistanın təhsildə yaxşı uğurları var. Bizim tələbələr də orada oxuyaraq, türk respublikasında təhsil alaraq öz gələcək təhsillərini qura bilərlər".
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Nuray Qurbanlı
14:00 03.05.2025
Oxunuş sayı: 2267