Özbəkistanın aparıcı universitetləri Bakıda: Elm və təhsildə əməkdaşlıq güclənir









3 may 2025-ci il tarixində “İnqla School”un təşkilatçılığı ilə Özbəkistanın 15-ə qədər nüfuzlu ali təhsil müəssisəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin əsas məqsədi Azərbaycan universitetləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni təhsil layihələrinin irəli sürülməsidir.
Səfər çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil olunan təhsil sərgisində Özbəkistan universitetlərinin nümayəndələri iştirakçılara ali təhsil müəssisələrinin fəaliyyəti, tədris imkanları, tələbə mübadiləsi proqramları və elmi əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim ediblər.
Sərgidə iştirak edən ali məktəblər sırasında Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Milli Tədqiqatlar Universiteti, Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, STARS International University, Özbəkistan-Finlandiya Pedaqoji İnstitutu, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universitetinin Daşkənd filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universiteti kimi ölkənin aparıcı ali təhsil ocaqları yer alıb.
Tədbirin açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Aydın Hüseynov və Müşfiq Cəfərov, həmçinin Özbəkistan universitetlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. AMEA prezidenti İsa Həbibbəyli çıxışında iki ölkənin ədəbiyyatları arasında qarşılıqlı təsirlərə və ədəbi əlaqələrə toxunaraq, mədəni bağların gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Tədbir çərçivəsində Özbəkistanın zəngin milli mətbəxi və mədəniyyətinə dair təqdimatlar da iştirakçılara nümayiş etdirilib. Bu isə sərgini təkcə maarifləndirici deyil, eyni zamanda mədəni dəyərlərin paylaşılması baxımından da əhəmiyyətli bir platformaya çevirib.
Qeyd edək ki, sərgi “İnqla School Baku”nun təşkilatçılığı, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası və Crossmedia.az Analitik İnformasiya Portalının tərəfdaşlığı ilə keçirilib.
Əməkdaşlığın davamlı inkişafı istiqamətində atılan bu addım, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Ayhan Ağarzayev
Aybəniz Səfərova
19:59 03.05.2025
Oxunuş sayı: 5111