Akademik: "Prezident İlham Əliyev Azərbaycanın türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edir"

"Bu sərgi Azərbaycan tərəfdən bir neçə təşkilatın Özbəkistan qurumları ilə əməkdaşlığı əsasında qurulsa da, tədbirdə iştirak edən hər bir təşkilatın ayrıca rolu və əhəmiyyəti var".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İngla School Baku-nun təşkilatçılığı ilə "Özbəkistan ali təhsil müəssisələrinin sərgisində" çıxışında deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlar bu gün keçirilən Özbəkistan sərgisini Azərbaycan ictimaiyyətinə təqdim edir: "Özbək ali təhsil müəssisələrinin Azərbaycan Milli Elmlər Akademiyasında təşkil etdiyi bu sərgi mövcud strateji istiqamətlərə cavab verən mühüm bir hadisədir. Bu sərgi həm də Özbəkistanın rəmzinə çevrilmiş, türk dünyası üçün böyük əhəmiyyət daşıyan mədəni bir tədbirdir. Mədəniyyətlərimizi qarşılıqlı öyrənmək prinsipləri əsasında əməkdaşlığımız bu gün təhsil sahəsinə də siraət etmişdir. Əslən azərbaycanlı olan, lakin sovet dövrünün təzyiqləri nəticəsində Özbəkistanda yaşayıb oranı ikinci vətəni hesab edən Məqsud Şeyxzadə Azərbaycan tarixində xüsusi yer tutan şəxsiyyətlərdəndir. Özbəkistan haqqında ilk və ən böyük “Daşkəndnamə” poemasını yazan Azərbaycan şairi Məqsud Şeyxzadə xalqlarımız arasında bərabərlik və birliyin simvoludur. Azərbaycan-Özbəkistan əlaqələri ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sovet dövründə də, bu gün də uğurla inkişaf etmişdir. Bu gün isə Prezident İlham Əliyev Azərbaycanın türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edir".
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Fatimə Məmmədova
11:35 03.05.2025
Oxunuş sayı: 1910