İstəyirəm ki, xaricdə yaşayan azərbaycanlı uşaqlar da öz ana dillərində bülbül kimi ötsünlər - MÜSAHİBƏ

Uşaqlara ana dilini sevdirərək öyrətmək, milli dəyərləri qorumaq və mədəni irsi gələcək nəsillərə çatdırmaq məqsədilə həyata keçirilən təşəbbüslər böyük əhəmiyyət kəsb edir. Xüsusilə xaricdə yaşayan azərbaycanlı ailələr üçün bu məsələ böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı İngiltərədə, o cümlədən xarici ölkələrdə Azərbaycan dili və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən müəllif, həmyerlimiz Emiliya Cəbrayılova Crossmedia.az-a geniş müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:
- İlk olaraq özünüzü təqdim etməyinizi xahiş edirəm...
- Mən Emiliya Cəbrayılova, Bakı şəhərində anadan olmuşam. Azər Məmmədov adına 115 saylı orta məktəbdə təhsil almışam. 2011-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Xarici Dillər və Regionşünaslıq fakültəsinə daxil olmuşam. Ali təhsilimi 2015-ci ildə uğurla başa vurduqdan sonra İngiltərənin London şəhərində Biznesin idarə olunması və ingilis dili kurslarını müvəffəqiyyətlə bitirmişəm. 2023-cü ildə Azərbaycan dilini uşaqlara sevdirəcək şəkildə öyrətmək məqsədilə “Bülbül” adlı əlifba kitabını yazmışam. Bu kitab, rəngli illüstrasiyaları və maraqlı tapşırıqları ilə Azərbaycan dilini öyrənmək istəyən balacalar üçün nəzərdə tutulub və artıq bir sıra ölkələrdə yaşayan soydaşlarımız tərəfindən sevilərək qarşılanıb.
"Bu fikirdən ilhamlanaraq, istəyirəm ki, xaricdə yaşayan azərbaycanlı uşaqlar da öz ana dillərində bülbül kimi ötsünlər"
- Kitabın adını niyə “Bülbül” qoymusunuz?
- Kitabın adını “Bülbül” seçməyimin səbəbi Azərbaycan dilində çox gözəl bir deyimlə bağlıdır. Əgər bir insan səlist və gözəl danışırsa, biz ona “bülbül kimi ötür”, “bülbül kimi cəh-cəh vurur” deyirik. Məhz bu fikirdən ilhamlanaraq, istəyirəm ki, xaricdə yaşayan azərbaycanlı uşaqlar da öz ana dillərində bülbül kimi ötsünlər, səlist və gözəl danışsınlar. Ona görə kitabımın adını “Bülbül” qoydum.
"Gələcək layihəm daha böyük yaş qrupuna aid olacaq"
- Gələcəkdə “Bülbül” kitabının davamı və ya əlavə materiallar hazırlamaq fikriniz varmı?
- Bəli, bu barədə düşünürəm. Gələcək layihəm daha böyük yaş qrupuna aid olacaq. Bu kitab gündəlik həyatda istifadə olunan dialoqlar, sözlər və pozitiv ünsiyyət nümunələrini əhatə edəcək. Yaş məhdudiyyəti olmayacaq və ana dilini öyrənmək istəyən hər kəs üçün əlçatan olacaq.
"Sayt oxucuların rahatlığı və prosesi asanlaşdırmaq üçün nəzərdə tutulub"
- Bulbulkitab.com saytının da müəllifisiniz. Saytın yaradılmasında əsas məqsəd nədir?
- Bulbulkitab.com saytını yaratmaqda əsas məqsədim “Bülbül” kitabını əldə etmək istəyən soydaşlarımızın, istər Azərbaycanda, istərsə də xaricdə yaşayanların bu prosesi rahatlıqla həyata keçirə bilməsidir. Sayta daxil olaraq istifadəçilər “Bülbül” kitabı və müəllifi haqqında qısa məlumat əldə edə, həmçinin kitabı birbaşa sifariş verə bilərlər. Sayt oxucuların rahatlığı və prosesi asanlaşdırmaq üçün nəzərdə tutulub.
"Dil sevgisi və dilə bağlılıq məhz evdən başlayır"
- Sizcə, Azərbaycan dilinin tədrisini daha geniş auditoriyaya çatdırmaq üçün hansı addımlar atılmalıdır?
- Fikrimcə, ilk növbədə xaricdə yaşayan hər bir ailə öz ana dilini ailə daxilində qoruyub saxlamalı və bu dili uşaqlara ötürməlidir. Dil sevgisi və dilə bağlılıq məhz evdən başlayır. Bu prosesin daha geniş auditoriyaya çatdırılması üçün isə Azərbaycan dilində daha çox kitab çap olunmalıdır. Bu kitablar sadəcə adi nəşrlər deyil, uşaqların marağını çəkən, rəngli, şən və interaktiv məzmunlu kitablar olmalıdır. Çünki xüsusilə xaricdə yaşayan uşaqlar üçün ana dilini öyrənmək prosesi maraqlı, asan və əyləncəli olmalıdır. Buna görə də mobil tətbiqlərin hazırlanması, Azərbaycan dilində yüksək keyfiyyətli cizgi filmlərin çəkilməsi və müxtəlif dil öyrədici oyunların yaradılması vacibdir. Ən əsası isə, ana dilinə ilk addım əlifba kitabı ilə atılır. Uşaqların Azərbaycan dilini sevərək öyrənməsi üçün ilk növbədə onları gözəl hazırlanmış əlifba kitabı ilə tanış etmək çox önəmlidir.
"Daim Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək görürük"
- Milli adət-ənənələrin və mədəni irsin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlər görürsünüzmü?
- Bəli, bu sahədə fəal iştirak edirəm. Xaricdə yaşayan bir ailə olaraq, milli adət-ənənələrimizin, mədəni irsimizin qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çalışırıq. Bu prosesdə Azərbaycan diasporasının rolu çox böyükdür. Biz daim Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək görürük və onların təşkil etdiyi layihə və tədbirlər vasitəsilə fəaliyyət göstəririk. Mən də bu tədbirlərdə və layihələrdə fəal iştirak edənlərdən biriyəm. İngiltərədə Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, uşaqlarımızın milli dəyərlərlə böyüməsi, Azərbaycan mədəniyyətinin tanıdılması və qorunması üçün müxtəlif tədbir və layihələrdə iştirak edirik.
Nəzrin Salmanova
09:55 28.04.2025
Oxunuş sayı: 2137