“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin Ümumi biliklər üzrə əsas imtahanı keçirilib

Aprelin 27-də beşinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib. İmtahan saat 11:00-da başlayaraq bir növbə üzrə təşkil olunub və 90 dəqiqə davam edib. Onlayn mərhələ zamanı texniki dəstək komandası da aktiv fəaliyyət göstərərək yaranan sualların operativ cavablandırılmasını təmin edib.
Qeyd edək ki, bu mərhələdə keçid balı 60 və daha yuxarıdır. V “Yüksəliş” müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb. Ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmır. Namizədlər imtahanda Azərbaycan bloku, dünya bloku, idarəetmənin əsasları və müasir trendlər üzrə hər bölmə üçün 25 sual olmaqla ümumilikdə 100 suala cavab veriblər.
Qeyd edək ki, ümumi biliklər üzrə əsas imtahandan sonra Analitik təhlil üzrə sınaq imtahanı 11 may 2025-ci il tarixində keçiriləcək. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
14:31 27.04.2025
Oxunuş sayı: 2912