Çin ABŞ məhsullarına gömrük rüsumu istisnasından “xəbərdar olmadığını” bildirdi

Çin Xarici işlər nazirliyi, ABŞ-dən idxal olunan bəzi məhsullara əlavə gömrük rüsumu tətbiq edilməyəcəyi iddialarına münasibət bildirib. Nazirlik, ABŞ-nin bu mövzuda “xalqı aldatmağı dayandırmalı olduğunu” açıqlayıb.
Crossmedia.az “Reuters” istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi nəzdindəki bir işçi qrupunun ABŞ-dən idxal edilən bəzi məhsulları 125 faizədək əlavə gömrük vergisindən azad etmək üçün siyahı hazırladığı bildirilmişdi. Məqalədə həmçinin qeyd olunmuşdu ki, Çin ticarət müharibəsinin iqtisadiyyata təsirini yüngülləşdirmək məqsədilə bəzi şirkətlərdən gömrük istisnası tətbiq edilə biləcək məhsulların müəyyən edilməsini istəyib.
Çin Xarici işlər nazirliyinin sözçüsü Guo Jiakun bu gün keçirdiyi mətbuat konfransında, “ABŞ və Çin arasında əlavə gömrük rüsumları ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparılmır” deyə bildirib. Guo, Çin hökumətinin bəzi Amerika məhsullarına gömrük vergisi istisnası gətirəcəyi barədə hər hansı məlumata sahib olmadığını da qeyd edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp dünən verdiyi açıqlamada iki ölkə arasında ticarət danışıqlarının davam etdiyini bildirmişdi. Çin Xarici işlər və Ticarət nazirlikləri isə bu iddianı təkzib edib.
Çin sosial media platformalarında və ticarət dairələrində yayılan siyahıda isə vaksinlərdən tutmuş reaktiv mühərriklərə qədər 131 məhsul kateqoriyasına gömrük istisnası tətbiq ediləcəyi ilə bağlı iddialar yer alıb. Reuters həmin siyahını müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Mədinə Cəlilova
22:05 25.04.2025
Oxunuş sayı: 702