Moskva təsdiqlədi: Azərbaycanda Rusiya-Suriya görüşü baş tutub

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) direktoru Sergey Narışkin, ötən həftə Bakıda keçirilən konfrans çərçivəsində suriyalı yüksək vəzifəli bir rəsmilə görüşdüyünü açıqlayıb.
Crossmedia.az TASS agentliyinə istinadən xəbər verir ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının ardından ölkədə formalaşan yeni hökumət ilə Rusiya arasında ilk diplomatik təmasların qurulduğu bildirilib. Agentliyə açıqlama verən Narışkin, keçən həftə Suriyanın təhlükəsizlik qurumlarından bir nümayəndə ilə “konstruktiv və dostyana” bir görüş keçirdiklərini bildirib.
XKX direktoru, 17-18 aprel tarixlərində Azərbaycanın paytaxtı Bakıda təşkil edilən “Əfqanıstan: Regional Bağlantılılıq, Təhlükəsizlik və İnkişaf” adlı konfransda iştirak edib.
Narışkin konfransla bağlı verdiyi açıqlamada, “Keçən həftə Bakıda Yaxın Şərq və Böyük Avrasiya regionundan liderlər və yüksək səviyyəli rəsmilərin qatıldığı Əfqanıstan mövzusunda bir konfrans keçirdik. Suriyadan yüksək rütbəli bir nümayəndə də orada idi. Onunla çox konstruktiv və dostyana bir görüş keçirdik”, – deyə qeyd edib.
Xatırladaq ki, 8 dekabr 2024-cü ildə silahlı müxalif qrupların paytaxt Dəməşqin nəzarətini ələ keçirməsindən sonra Bəşər Əsəd Suriyanı tərk edərək Rusiyaya sığınmışdı. Ardınca Əhməd Şaranın prezidentliyi ilə yeni bir hökumət qurulmuş, ölkədəki Rusiya hərbi bazalarının gələcək durumu ilə bağlı suallar gündəmə gəlmişdi.
Mədinə Cəlilova
19:35 25.04.2025
Oxunuş sayı: 620