Soydaşlarımız uşu-sanda üzrə Gürcüstan çempionatında 29 medal qazanıblar




Tbilisi şəhərindəki Gimnastika Arenasında keçirilən uşu-sanda üzrə Gürcüstan çempionatında soydaşlarımız böyük uğura imza ataraq 29 medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, çempionat Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Ölkənin bütün regionlarının təmsil olunduğu yarışda Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri də iştirak ediblər.
Uşu-sanda üzrə idman ustası Faiq Məmmədovun rəhbərlik etdiyi “Marneuli” klubunun 3 üzvü qızıl, 1-i gümüş, 8-i bürünc, kikboks üzrə idman ustası İbrahim Məmmədovun rəhbərlik etdiyi “Qaraçöp” klubunun yetirmələri isə 5 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.
Kvemo-Kartli Uşu-sanda Federasiyasının prezidenti, SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov soydaşlarımızın çempionatda ilk dəfədir ki, geniş tərkibdə iştirak etdiklərini bildirib. 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində mübarizə aparan 32 soydaşımızdan 29-nun fəxri kürsüyə çıxmasını böyük uğur adlandırıb.
17:41 21.04.2025
Oxunuş sayı: 739