Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib






Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka” operasının təqdimatında iştirak edib. Azərbaycan bəstəkarı Leonid Vaynşteynin "Qelikon-opera" teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu Xalq artisti Yalçın Adıgözəlov edib.
Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu - NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, “Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.
Əsər Şarl Perronun məşhur “Zoluşka”sına əsaslanan, möcüzələr, dönüşmə prosesi və əsl sehrlə dolu, ən müasir teatrlardan birində qüsursuz şəkildə təcəssüm olunmuş, Moskvadakı holoqrafik texnologiyaların və müasir səhnələrin köməyi ilə tamaşaçılara təqdim olunan mehriban musiqili nağıldır.
Heyrətamiz transformasiyalar və sehr genişmiqyaslı dekorasiyalar və müasir holoqrafik texnologiyaların müşayiəti ilə əfsanəvi nağıl əsasında yazılmış opera heç bir tamaşaçını biganə qoymadı. Süjet xəttinə əsasən operada xeyir və gözəllik şər və paxıllığa qalib gəlir.
Tamaşa ərzində qonaqpərvər Nağılbaz bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edib. Tamaşaçılar balqabağın möcüzəli şəkildə faytona, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi oldular. Bundan əlavə, teatrda qonaq olan qızlara büllur ayaqqabını geyinmək nəsib oldu.
Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.
Opera tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
02:39 20.04.2025
Oxunuş sayı: 1279