Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər.
Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.
Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN İmza” vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.
17:30 18.04.2025
Oxunuş sayı: 1002