Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında üçtərəfli görüş başa çatıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.
Crossmedia.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.
Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.
Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər.
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş başa çatıb.
12:02
XXX
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "İmedi news" məlumat yayıb.
Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.
17:09 17.04.2025
Oxunuş sayı: 1526