Əraqçi: “ABŞ-la danışıqların ilk raundu konstruktiv şəraitdə keçdi”

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi ABŞ-la aparılan dolayısı danışıqların ilk mərhələsinin konstruktiv atmosferdə keçdiyini bildirib.
Crossmedia.az xəbər verir
ki, o, bunu
Omanın paytaxtı Məsqətdə baş tutan görüşdən sonra İran mətbuatına verdiyi
açıqlamada deyib.
Təxminən
2,5 saat davam edən danışıqların Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin
vasitəçiliyi ilə baş tutduğunu vurğulayan Əraqçi, danışıqlar boyu heç bir yersiz ifadənin işlədilmədiyini qeyd edib. O
bildirib ki, hər iki tərəf danışıqları bərabər şərtlərlə davam etdirmək və
qarşılıqlı faydalı razılaşma əldə etmək niyyətindədir.
Əraqçi qeyd edib ki, danışıqların davamlılığına dair müsbət siqnallar müşahidə
olunub: “Bugünkü görüş ortaq bir müzakirə meydanına yaxınlaşdığımızı göstərdi.
Növbəti sessiyada potensial razılaşmanın ümumi çərçivəsini müzakirə etməyi və
prosesin gedişatını qiymətləndirməyi planlaşdırırıq”.
Məlumata
görə, danışıqların növbəti raundu gələn həftənin şənbə günü baş tutacaq. Əraqçi əlavə edib ki, bu dəfə görüşün yeri dəyişə bilər, lakin danışıqlara
yenə də Oman ev sahibliyi edəcək.
ABŞ tərəfinin
də razılaşmanın tezliklə əldə olunmasına maraq göstərdiyini bildirən Əraqçi deyib: “Qarşı tərəf münasib və ədalətli razılığa nail olmaq üçün
ciddi səy göstərdi. Bu proses asan olmayacaq, lakin hər iki tərəfin iradə
nümayiş etdirməsi vacibdir”.
Görüşdən
sonra ABŞ nümayəndə heyəti ilə qısa təmasların olduğunu bildirən diplomat qeyd
edib ki, bu, tamamilə diplomatik çərçivədə baş verib: “ABŞ diplomatları ilə hər
zaman nəzakətlə davranmışıq. Bu dəfə sadəcə bir salamlaşdıq və sonra görüş
yerini tərk etdik”.
Əraqçinin sözlərinə görə, danışıqların gündəliyinin müəyyənləşdirilməsi və
ortaq əsasların dəqiqləşdirilməsi yaxın zamanda real məzmunlu müzakirələrin
başlanmasına zəmin yaradacaq.
22:36 12.04.2025
Oxunuş sayı: 1537