Daxili dünyamıza fənər tutanlar: Psixoloqların rolu

Hər bir insan fiziki sağlamlığına önəm verdiyi qədər, psixoloji sağlamlığına da önəm verməlidir.
İnsan bədəni yorulduqda dincəlmək istədiyi kimi, ruh da yorulduqda dayaq axtarır. Amma cəmiyyət bizə deyir ki, “güclü olmalısan”, “keçəcək”, “bu da bir şeydir ki?” Və biz hisslərimizi boğmağa başlayırıq. Bu isə bir müddət sonra mental zəifliklə nəticələnir.
Crossmedia.az-a açıqlama verən psixoloq Gülnar Həmidova gənclərin psixoloqa müraciətlərini əsas götürərək, son illərdə müraciətlərin artdığını bildirir. Gülnar xanım qeyd edir:
“Valideynlər övladlarının psixoloji dəstək almasını onların gələcəyi üçün vacib hesab edirlər. Lakin dövrümüzdə yetkin insanların da psixoloqa ehtiyacı var”.
Keçmiş illərə nəzər salsaq, görərik ki, insanlar psixoloqları “dəli həkimi” kimi qəbul etdikləri üçün dəstək almaqdan boyun qaçırırdılar.
Psixoloji çətinlik yaşamaq xəstə olmaq deyil. Əksinə, hiss etmək, sual vermək və çıxış yolu axtarmaq insan olmaq deməkdir. Psixoloqa getmək zəiflik deyil, cəsarətdir. Hər kəsin bacarmadığı bir gücdür – öz iç dünyasına baxa bilmək.
Gülnar xanım əlavə edir:
“Ana və ata obrazları bəzi hallarda psixoloqa verilən pulu artıq bir xərc kimi görürlər. Mental dəstəyi isə sadəcə ‘söhbət’ olaraq dəyərləndirirlər. Lakin seanslarda insanları hazırkı düşüncə vəziyyətindən sağlam düşüncəyə keçirmək üçün ciddi addımlar atılır”.
Psixoloqlar sadəcə dinləyən insanlar deyil. Onlar daxili labirintlərimizdə bizə fənər tutan bələdçilərdir. Qərar vermir, hökm çıxarmırlar, “sən belə elə” demirlər. Sadəcə düşüncələrimizin tozunu alırlar, bizi özümüzlə tanış edirlər.
Unutmamalıyıq: hər kəsin döyüşü fərqlidir və hər döyüşün qalibi olmaq üçün insanın ən çox ehtiyac duyduğu şey – anlaşılmaqdır.
Fatimə Məmmədli
12:13 08.04.2025
Oxunuş sayı: 3841