Tramp Marin Le Penin azad olunmasını tələb etdi

ABŞ prezidenti Donald Tramp Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Peni dəstəkləyərək onun Avropa İttifaqı vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkum edilməsini siyasi motivli qərar adlandırıb.
Crossmedia.az xəbər verir ki, o, Truth Social platformasında verdiyi açıqlamada Fransa prezidenti Emmanuel Makronu söz azadlığını boğmağa çalışmaqda ittiham edib.
“Marin Le Penə qarşı başlanan cadugər ovu Avropa solçularının siyasi rəqiblərini susdurmaq üçün qanunlardan necə istifadə etdiklərinin daha bir nümunəsidir. Bu dəfə o qədər irəli gediblər ki, rəqibi həbsə atıblar. Mən Marin Le Penlə şəxsən tanış deyiləm, amma onun qətiyyətini yüksək qiymətləndirirəm. O, çox çətinliklərdən keçib, amma təslim olmayıb. İndi isə qələbəyə çox yaxın olduğu bir vaxtda ona cüzi bir ittiham irəli sürülüb”, – deyə Tramp bildirib.
O əlavə edib ki, Le Pen iddia olunan mənimsəmədən xəbərsiz olub və bunu “mühasibatlıq səhvi” adlandırıb. Trampın sözlərinə görə, bu hökmün nəticələri yalnız bir partiya ilə məhdudlaşmır:
“Bu, Fransa və böyük Fransa xalqı üçün, siyasi baxışlardan asılı olmayaraq, pisdir. Marin Le Penə azadlıq”!
Fidan Xəlilova
16:35 04.04.2025
Oxunuş sayı: 995