Estetik əməliyyat kişiliyi azaldır - Kişilər niyə gözəllik uğrunda dəyişir?
Müasir cəmiyyətdə sosial şəbəkələrin sürətli inkişafı, vizual mədəniyyətin ön plana çıxması və məşhurların təqdim etdiyi həyat tərzi gözəllik anlayışına dair əsrlər boyu formalaşmış ənənəvi təfəkkür normalarını kökündən dəyişdirir. Əgər əvvəllər estetik müdaxilələr və gənc görünmək qayğısı daha çox qadın auditoriyasına xas xüsusiyyət kimi qəbul edilirdisə, bu gün kişilər arasında da üz cizgilərinin dəyişdirilməsi, qırışların aradan qaldırılması və müxtəlif estetik prosedurlara maraq kəskin şəkildə artıb. Cəmiyyətin kişiyə baxış bucağında baş verən bu transformasiya bir tərəfdən özünəqulluq mədəniyyəti kimi dəyərləndirilsə də, digər tərəfdən psixoloji asılılıq, yaşlanma qorxusu və sosial gözləntilərə uyğunlaşma məcburiyyəti kimi ciddi sosioloji suallar doğurur. Və bu məsələ müəyyən suallar da yaradır. Kişilərin gənc qalma çabası, gözəl görünmək üçün dəfələrlə estetik cərrahiyyə əməliyyatlarına girməsi onlara hormonal və psixoloji olaraq təsir edirmi? Və ya cəmiyyətdəki "kişi" anlayışını dəyişirmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Nailə İsmayılova kişilər arasında estetik prosedurların artmasının sosial və psixoloji cəhətlərini açıqlayıb:

"İlk baxışdan gülməli görünşə də, indi kişilərin bəziləri qadınlar kimi estetik prosedurlara, üz cizgilərinin dəyişdirilməsinə və gənc görünməyə daha çox maraq göstərirlər. Səbəbini izah etmək mənim üçün çətin olsa da, onu deyə bilərəm ki, əslində məhz bu, cəmiyyətdə gözəllik anlayışının dəyişməsinin göstəricisidir. Əsrlər boyu kişi gözəlliyi daha çox xarakter, mərdlik, ərənlik, zəhmətkeşlik, məsuliyyət və özünəinamla əlaqələndirilirdi. Bu gün isə sosial şəbəkələr, məşhurların həyat tərzi və vizual təqdimat insanlarda xarici görünüşə daha çox diqqət yetirmək meyli yaradıb. Artıq bəzi kişilər üçün qırışları aradan qaldırmaq, üz cizgilərini dəyişmək və daha gənc görünmək özünə qulluq anlayışının bir hissəsinə çevrilib".
Sosioloq xüsusi vurğulayıb ki, əsas problem özünəqulluqda deyil, cəmiyyətin təzyiqi ilə təbii görünüşdən imtina edilməsindədir:
"Əlbəttə, kişinin özünə baxması, sağlamlığına və görünüşünə diqqət yetirməsi qəbahət deyil. Problem o zaman başlayır ki, insan təbii görünüşünü qəbul etmir, özünü başqaları ilə müqayisə edir və gözəllik naminə özünü dəyişdirmək məcburiyyətində hiss edir. Kişinin gözəlliyi yalnız hamar dəri, yaraşıqlı üz və gənc görünüşlə ölçülməməlidir. Onun şəxsiyyəti, davranışı, düşüncəsi və həyata münasibəti də ən az xarici görünüşü qədər əhəmiyyətlidir. Məncə, burada əsas məsələ kişinin estetik prosedur etdirməsi deyil, bunu hansı səbəbdən etməsidir. Əgər məqsəd özünü yaxşı hiss etməkdirsə, bu, şəxsi seçimdir. Yox, əgər məqsəd başqalarının gözləntilərinə uyğunlaşmaq və yaşlanmaqdan qorxmaqdırsa, onda düşünməyə dəyər: görəsən, biz gözəlliyi özümüz üçün seçirik, yoxsa cəmiyyətin bəyəndiyi insana çevrilmək üçün? Çünki insanı yaraşıqlı göstərən yalnız güzgüdəki əksi deyil, həyatda yaratdığı təəssüratdır".
Zeynəb Həsən
17:10 20.10.2026
Oxunuş sayı: 228