Elm adamı elmin könüllüsü olmalıdır

Elm – insanın bilmək və öyrənmək həvəsi ilə başlayan sonsuz bir səyahətdir… Hər bir yeni elmi kəşf, qaranlıq bir otaqda işığı yandırmaq kimidir.
Elm sualların sonsuz dəryasına bənzəyir. Hər bir cavab öz ardınca yeni suallar gətirir. Bu, tədqiqatlarımıza dayanmadan davam etmək üçün bizə ilham verir. “Nə üçün bəzən dənizlərdə qabarma və çəkilmə olur?” “Niyə insan beyninin sirrini tam anlamış deyilik?” Elm bütün bu sualları cavablandırmağa və cavab axtarışında dünyanı dəyişməyə yönələn bir gücdür.
Öyrənmək və bilmək arzusu insanı davamlı olaraq irəli aparır. Elm, bəşəriyyətin qarşılaşdığı problemlərin həlli üçün ən güclü vasitədir. İqlim dəyişikliyi, sağlamlıq problemləri, texnologiyanın irəlilədilməsi – bütün bu sahələr elmin işığı altında öz həllini tapır.
Bu gün 27 Mart - Azərbaycanda Elm Günü kimi qeyd edilir.
Elm Günü ilə bağlı alimlər Crossmedia.az-la təssüratlarını bölüşüb. Onları sizə təqdim edirik.
Azərbaycan Respuplikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Famin Salmanov ilk olaraq bildirib ki, elmi kəşflər və tədqiqatlar hər bir xalqın inkişafı, tərəqqisi və gələcəyinin təminatıdır:
“Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi: "Elm hər bir xalqın inkişafı, tərəqqisi, onun gələcəyi üçün başlıca amillərdən biridir”. Məhz elm sayəsində biz daha güclü iqtisadiyyat, daha sağlam cəmiyyət və daha innovativ texnologiyalar yarada bilirik. 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə 27 mart tarixi “Elm Günü” olaraq təsis edilib. Bu tarix Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradıldığı gün ilə əlaqədar seçilib. Bu günün məqsədi elmi nailiyyətləri təbliğ etmək, gənc alimləri təşviq etmək və Azərbaycan elmini beynəlxalq aləmdə tanıtmaqdır. Bu gün, həmçinin, gənc alimlərimiz üçün stimul və ruhlandırıcı bir məqamdır. Gənclərin gözlərindəki maraq və tədqiqatlara olan sevgini gördükdə biz alimlər elmin əbədi davam edəcəyinə bir daha əmin oluruq.
F.Salmanov vurğulayıb ki, gənclərin dünya elminə inteqrasiyası Azərbaycan üçün prioritet istiqamətlərdən biridir:
“Həm dövlət, həm də Elm və Təhsil Nazirliyi bu məqsədə nail olmaq üçün mühüm addımlar atır. Magistr və doktorantların dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərində təcrübə keçmələri, beynəlxalq konfranslarda və treninqlərdə iştirak etmələri üçün geniş imkanlar yaradılır. Bu, gənclərin elmi potensialının artırılması ilə yanaşı, onların beynəlxalq elmi şəbəkələrə qoşulmasını da təmin edir. Eyni zamanda, gənclərin elmə marağını artırmaq üçün müxtəlif qrant proqramları, layihələr və müsabiqələr təşkil olunur. Bu proqramlar, həmçinin, gənc alimlərin tədqiqatlarını maliyyələşdirmək və onların beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək üçün bir platforma yaradır. Bu da özlüyündə gənc alimlərin elmə olan sevgisini artırmaqla yanaşı, onların gələcəkdə daha böyük nailiyyətlər qazanmasına zəmin yaradır”,- deyə alim fikrini yekunlaşdırıb.
Azərbaycan Respuplikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, artıq 7 ildir ki, 27 mart Azərbaycanda “Elm günü” kimi qeyd edilir:
“Bu tarixin elmlə məşğul olanların özəl günü kimi seçilməsi heç də təsadüfi deyil. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli məlum sərəncamı ilə “Elm Günü”nün təsis olunması elm adamlarına olan hörmətin, diqqətin rəmzi ifadəsidir. Bu tarix müstəqil, suveren dövlətimiz üçün əlamətdar bir vaxt – məhz elm məbədi adlandırdığımız Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf edir. Şəxsən mənə görə “Elm Günü”nün bu tarixdə qeyd edilməsi həm də Akademiyanın ilk təsisçiləri olan görkəmli alimlər - Sadıq Dadaşov, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mir Əsədulla Mirqasımov, Mirəli Qaşqay, Aleksandr Qrossheym, İvan Şirokoqorov, Mustafa Topçubaşov, Mikayıl Useynov, Səməd Vəkilov (Vurğun) və İosif Yesmanın timsalında Azərbaycanda akademik elmin böyüklüyünün ən azı ildə bir dəfə dünyaya bəyan edilməsidir.
Eyni zamanda "Elm Günü"ndə Azərbaycanda müxtəlif elmi məktəbləri yaradan əsl akademiklərimiz – Yusif Məmmədəliyev, Əli Quliyev, Zahid Xəlilov, Həsən Abdullayev, Azad Mirzəcanzadəni böyük rəhmətlə anırıq. Hamısının ruhları şad, məkanları cənnət olsun. Elm çox çətin, amma çətin olduğu qədər şərəfli bir rütbədir.”
Onun sözlərinə görə, belə olmasaydı, Nizami Gəncəvi “Rütbələr içində seçilir biri – Hamıdan ucadır alimin yeri!” qızıldan qiymətli kəlmələri işlətməzdi:
“Elm yolunun əsl yolçuları ilk növbədə rastlaşacağı çətinlikləri göz önünə almalı və onları aradan qaldırmağı bacarmalıdır. Elm adamı elmin könüllüsü olmalıdır. O, apardığı elmi tədqiqatların nəticəsində dar çərçivədə təmsil etdiyi ölkəsinə, geniş anlamda bəşəriyyətə verə biləcəyi töhfələrin ilk növbədə mənəvi tərəflərini düşünməlidir. Belə olanda elmdə maddi qazanc məsələsi arxa plana keçir. Elm dünyəvidir, elmin konkret bir vətəni yoxdur. Təsəvvür edin, bir alim apardığı fundamental tədqiqatlarla bağlı maraqlı bir məqalə çap edəndə, ona dünyanın dörd bir tərəfindən dünya alimləri tərəfindən istinad gəlir və bundan tək özü yox, dinindən, dilindən, cinsindən, peşəsindən aslı olmayaraq hamı faydalanmış olur.Hazırda isə bütün fəaliyyətini şüurlu surətdə Azərbaycan elminin dünya elminə inteqrasiyasına, ölkə iqtisadiyyatının elmi əsaslarla inkişafına, müdafiə qüdrətinin artırılmasına həsr edən əsl alimlərimizin iştirakında ölkəmizdə digər sahələr kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elm-təhsil-innovasiya üçbucağının yaradılması, elmin populyarlığının artırılması və istedadlı gənclərin elmə cəlb olunmasına yönəlib. Elmin məzmununun təkmilləşdirilməsi üçün yeni yanaşmaların tətbiq olunması gözlənilir. Hazırda elmi müəssisələrin və elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə onlar arasında sağlam rəqabət yaratmaq və bu yolla elmin keyfiyyətinin artırılmasına nail olmaq nəzərdə tutulub. Bütün bunların məntiqi nəticəsi olaraq sonda qazanan Azərbaycan elmi olacaq və dünya elmində öz layiqli yerini tutacaq”,- deyə Ə.Sucayev fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
16:29 27.03.2025
Oxunuş sayı: 2214