Samvel Aleksanyanın şirkətləri yoxlanılır

Ermənistanın vergi orqanları tanınmış biznesmen Samvel Aleksanyanın şirkətlərində genişmiqyaslı yoxlamalara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Graparak” qəzeti məlumat yayıb.
Əvvəllər ölkənin hazırkı hakimiyyətinə yaxın olduğu deyilən Aleksanyan indi vergi orqanlarının ciddi nəzarətinə düşüb. Məlumata görə, onun müəssisələrinin sənədləri və məhsulları diqqətlə araşdırılır.
Bildirilib ki, yoxlamalar artıq etil spirti ixracının dayandırılmasına səbəb olub. İddialara görə, hökumət Aleksanyandan 15 milyon dollar ödəməsini tələb edib, lakin biznesmen maliyyə çətinliklərini əsas gətirərək bundan imtina edib. Bildirilir ki, bu tələb büdcə kəsiri ilə əlaqədardır və hökumət təcili əlavə maliyyə mənbələri axtarır.
Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi yoxlamaların aparıldığını təsdiqləyib, lakin bunun konkret şirkətlər və ya onların sahibləri ilə bağlı olmadığını, risklərin qiymətləndirilməsi əsasında həyata keçirildiyini vurğulayıb.
Fatimə Məmmədova
11:57 18.03.2025
Oxunuş sayı: 847