Ağ Ev: Fransızlar ABŞ-ə minnətdar olmalıdırlar

ABŞ və Fransa arasında diplomatik münasibətlərə dair maraqlı açıqlama gəlib. Ağ Evin mətbuat katibi Livitt jurnalistin ABŞ-nin Azadlıq Heykəlini Fransaya qaytarıb-qaytarmayacağı barədə sualına cavab verərkən qalmaqallı ifadə işlədib.
"Fransızlar bizim böyük ölkəmizə minnətdar olmalıdırlar ki, bu gün alman dilində danışmırlar," – deyə o bildirib.
Bununla bağlı Crossmedia.az məlumat verir.
Bu bəyanat Fransada geniş müzakirələrə səbəb olub. Tarixən Fransa ABŞ-nin ən yaxın müttəfiqlərindən biri hesab olunur və Azadlıq Heykəli də məhz 1886-cı ildə Fransa tərəfindən Amerika xalqına hədiyyə edilib. Heykəl dostluğun, azadlığın və müstəqilliyin simvolu kimi tanınır.
Bəzi ekspertlər Livittin sözlərini ABŞ-nin II Dünya Müharibəsi zamanı Avropanın faşizmdən azad edilməsində oynadığı rola işarə kimi qiymətləndiriblər. Digərləri isə bu cür ifadələrin müttəfiqlər arasında gərginliyə səbəb ola biləcəyini düşünürlər.
Fransa rəsmilərindən hələlik bu açıqlamaya rəsmi cavab verilməyib. Ancaq bəzi fransız siyasətçilər sosial mediada ABŞ-nin bu cür bəyanatlarının diplomatik münasibətlərə xələl gətirə biləcəyini vurğulayıblar.
Mövzu ətrafında müzakirələrin davam edəcəyi gözlənilir.
Nigar Yahyazadə
11:05 18.03.2025
Oxunuş sayı: 582