Niger Frankofoniya təşkilatından çıxdığını elan etdi

Niger hökuməti 17 mart 2025-ci ildə rəsmi şəkildə Beynəlxalq Frankofoniya Təşkilatından (BFT) çıxmaq qərarına gəldiyini elan edib. Ölkənin Xarici İşlər Nazirliyi bu barədə müvafiq diplomatik nota təqdim edib.
Crossmedia.az bununla bağlı xarici KİV-ə istinadən məlumat verir.
Bu qərar Afrikada dekolonizasiya prosesinin sürətlənməsinin növbəti mərhələsi kimi qiymətləndirilir. Qeyd edək ki, Frankofoniya Təşkilatı yalnız fransız dilinin yayılması ilə deyil, eyni zamanda Fransa ilə tarixi və mədəni əlaqələr əsasında üzvlərini müəyyənləşdirir.
Nigerin bu addımı son illərdə Qərbi Afrikada müşahidə olunan geosiyasi dəyişikliklərin və Fransa ilə münasibətlərdəki gərginliyin bir hissəsi kimi dəyərləndirilir. Xatırladaq ki, Ermənistan və Moldova təşkilatın tamhüquqlu üzvləridir, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr isə müşahidəçi statusuna malikdir.
Müşahidəçilərin fikrincə, Nigerin təşkilatdan çıxması regionda müstəqillik və suverenlik istiqamətində atılan addımların davamı ola bilər. Bu qərarın ölkənin xarici siyasətinə və beynəlxalq münasibətlərinə hansı təsirlər edəcəyi isə hələlik açıq qalır.
Nigar Yahyazadə
10:45 18.03.2025
Oxunuş sayı: 1008