Fuad Muradov Barselona Azərbaycan Evini ziyarət edib



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyaya səfər çərçivəsində Barselona Azərbaycan Evini ziyarət edib. Sədr bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Crossmedia.az olaraq paylaşımı təqdim edirik:
"İspaniyaya səfər çərçivəsində Barselona Azərbaycan Evini ziyarət etdik. İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov evin fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planlardan danışıb. Azərbaycan Evində bu vaxta qədər bir sıra intellektual yarışların, kino günlərinin, sərgilərin, milli mədəni irsimizi, zəngin tariximizi təbliğ edən tədbirlərin, açıq qapı günlərinin keçirildiyini bildirib. İspaniyadakı türk icmasının üzvlərinin, cənubi azərbaycanlıların da Barselona Azərbaycan Evini ziyarət etdiyi, tədbirlərə qatıldıqları və fəallıq göstərdikləri vurğulanıb.
Bu gün dünyanın 18 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan icmalarının təşkilatlanmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin ölkəmizin mədəni irsinin tanıdılmasında Azərbaycan Evləri mühüm rol oynayır. 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində bir sıra ölkələrdə seçki məntəqələrinin təşkil edildiyi Azərbaycan Evlərindən biri də Barselona Azərbaycan Evi olub".
14:26 11.03.2025
Oxunuş sayı: 3138