Starlink mübahisəsi: Rubio Polşaya “təşəkkür et” dedi, Mask dəstək verdi

ABŞ Dövlət Katibi Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskini Ukrayna üçün Starlink xidməti ilə bağlı “hər şeyi uydurmaqda” və nankorluqda ittiham edib. Sikorski bildirib ki, Polşa Ukraynanın Starlink abunəsini illik təxminən 50 milyon dollara ödəyir və əgər SpaceX etibarsız provayder olduğunu sübut edərsə, başqa alternativlər axtarmalı olacaqlar.
Rubio isə cavabında Sikorskini tənqid edərək bildirib ki, heç kim Ukraynanı Starlink-dən ayırmaqla hədələməyib və Polşa bu xidmətə görə təşəkkür etməlidir. O əlavə edib ki, əgər Starlink olmasaydı, Ukrayna müharibəni çoxdan uduzardı və Rusiya qoşunları artıq Polşa sərhədində olardı.
Elon Musk da bu mübahisəyə qoşularaq Rubionun fikirlərini dəstəkləyib və Sikorskiyə cavab olaraq, Polşanın Starlink xərclərinin yalnız kiçik bir hissəsini ödədiyini, həmçinin bu xidmətin alternativinin olmadığını bildirib.
ABŞ hökuməti artıq Ukraynaya peyk görüntülərinə çıxışı məhdudlaşdırıb və kəşfiyyat məlumatlarının paylaşımını dayandırıb. Eyni zamanda, Vaşinqtonun Ukraynanın kritik mineral ehtiyatlarına çıxış əldə etməsi üçün Kiyevə təzyiq göstərdiyi və Starlink xidmətinin dayandırılmasının müzakirə edildiyi bildirilir.
Bu müzakirələr fonunda Fransa-Böyük Britaniya peyk operatoru Eutelsat-ın səhmləri sürətlə artıb. Martın 7-də başa çatan həftədə səhmlər 650%-ə qədər yüksəlsə də, sonradan 380% artımla sabitləşib.
Polşa isə fevral ayında Ukraynanın Starlink abunəsini ödəməyə davam edəcəyini açıqlayıb, baxmayaraq ki, ABŞ-ın xidməti kəsməyi nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.
Mədinə Cəlilova
09:56 10.03.2025
Oxunuş sayı: 1163