FIFA U-15 Dünya Çempionatına hazırlıqlar tamamlandı
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində oyunların əksəriyyətinə ev sahibliyi edəcək Hövsan Yarış Kompleksində bütün hazırlıq işləri başa çatdırılıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu barədə məlumat yayıb.
Məlumata görə, tarixdə ilk dəfə təşkil olunan turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir.
Yarışa ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır. Çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
Oyunların böyük hissəsinin təşkil olunacağı Hövsan Yarış Kompleksində yarışın yüksək səviyyədə keçirilməsi üçün zəruri şərait yaradılıb.
Qısa müddətdə inşa edilən kompleksdəki 10 futbol meydançası eyni vaxtda 20 oyunun keçirilməsinə uyğunlaşdırılıb.
Bununla yanaşı, kompleksdə futbolçuların, məşqçilərin və digər iştirakçıların fəaliyyəti üçün tələb olunan infrastruktur təmin edilib.
13:09 23.10.2026
Oxunuş sayı: 58