Azərbaycan diasporu Kambocada keçirilən festivalda iştirak edib

Kambocada Krallığında dünyanın müxtəlif mədəniyyətlərini bir araya gətirən “Mədəniyyət Günü” festivalı keçirilib.
Crossmedia.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Kambocanın Təhsil, İdman və Gənclik Nazirliyinin, Turizm və Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin, 30-a yaxın ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən festivalda hər bir ölkəyə məxsus müxtəlif çeşiddə yemək nümunələri, milli atributlar və ənənəvi oyunlar nümayiş olunub.
Azərbaycan diasporunun 15-ə yaxın üzvü mədəni festivalda guşə yaradaraq ölkəmizi təmsil edib. Ölkəmizə məxsus guşədə milli suvenirlər, kəlağayı, mətbəximizin dadlı təamları nümayiş olunub. Yerli şagirdlərin ifasında “Azərbaycan” mahnısının sədaları altında üçrəngli bayrağımız səhnədə dalğalandırılıb.
Qeyd edək ki, soydaşlarımızın tədbirdə iştirakı Azərbaycan mədəniyyətinin təbliği və yerli icma ilə əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. Bu cür tədbirlər müxtəlif ölkələr arasında mədəni mübadilənin gücləndirilməsi baxımından, eyni zamanda xalqlar arasında dostluq və əməkdaşlığın inkişafı üçün mühüm bir platformadır.
22:04 05.03.2025
Oxunuş sayı: 1284