Xocalı soyqırımı qurbanlarının xatirəsi Kayseridə anılıb

Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Kayseri qubernatorunun müavini Adnan Türkdamar, Talas rayonunun bələdiyyə başçısı Mustafa Yalçın, Melikgazi rayonunun bələdiyyə başçısı Mustafa Palancıoğlu, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa, müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Qardaşlıq Parkı ərazisində yerləşən Şuşa Azərbaycan Evində təşkil olunan tədbirdə Milli Məclisinin deputatı Vasif Qafarov çıxış edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam nəticəsində 613 nəfər azərbaycanlının amansızcasına qətlə yetirildiyini, minlərlə insanın yaralandığını və əsir götürüldüyünü qeyd edib. Deputat Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyindən danışıb.
Şuşa Azərbaycan Evinin sədri Elşən Qanbarov öz növbəsində Xocalı soyqırımının Azərbaycan xalqı üçün böyük bir faciə olduğunu vurğulayaraq, bu cür tədbirlərin keçirilməsinin Xocalıda baş verənlərin unudulmaması baxımından vacib olduğunu qeyd edib.
Talas rayonunun bələdiyyə başçısı Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin hər keçən gün daha da möhkəmləndiyini vurğulayaraq, tədbirin keçirildiyi Azərbaycan Qardaşlıq Parkı haqqında məlumat verib. Bildirib ki, bu park iki qardaş ölkə arasındakı dostluğun və həmrəyliyin simvoludur.
Tədbir iştirakçıları Azərbaycan Qardaşlıq Parkı ərazisində yerləşən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə gül və əklil qoyaraq soyqırımı qurbanlarını anıblar. (AZƏRTAC)
14:35 28.02.2025
Oxunuş sayı: 1161