Şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin HƏCMİ AÇIQLANDI

Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 min şəxsi əhatə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,5 min şəxsə birdəfəlik ödəmə təyin olunub", - Nazirlikdən bildirilib.
Qeyd olunub ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib, habelə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 73 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 2281 şəxs 65,7 min reabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 608 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
"Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,3 min şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 131 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 374 min xidmət göstərilib", - məlumatda vurğulanıb.
19:22 26.02.2025
Oxunuş sayı: 1014